Categories: KÜLTÜR SANAT

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında iştirak ediblər

 

 

 

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında iştirak ediblər
28 may 2022,

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında iştirak ediblər
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalının keçirildiyi məkana gəldilər.

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar çıxış edərək dedi:

– Hörmətli cənab Prezident.

Hörmətli Prezidentim.

Dəyərli qonaqlar.

“TEKNOFEST Azərbaycan”a xoş gəlmisiniz. Sizləri sevgi və hörmətlə salamlayıram.

“TEKNOFEST” müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı əldə rəhbər tutan bir ruhdur. Bu ruh ölkələrimizi tam müstəqil və firavan edəcək, səmalarımızı, dənizlərimizi, torpaqlarımızı qoruyub dirçəldəcək yüksək texnologiyaları bütün cəmiyyətlə birlikdə inkişaf etdirmək səfərbərliyidir. Mənə dünən ilk dəfə görməyin nəsib olduğu işğaldan azad edilmiş qədim şəhərimiz Şuşada, Cıdır düzündə, o geniş düzdə azad şəkildə gəzərkən bu ruhu daha da dərindən hiss etdim. “TEKNOFEST”i niyə keçiririk?” deyə soruşduğum universitet tələbəsi gənc bir qız bu ruhu belə ifadə edərək dedi: “Dünya Türkün gücünü görsün, yerini bilsin”.

Biz də bu yola bu amalla çıxmışıq, “TEKNOFEST”in şüarının artıq düşüncələrdə yer aldığını görürük. Bundan sonra üzərimizə düşən vəzifə türk nəsillərinin yolunu açmaq üçün dayanmadan çalışmaqdır. İnanıram ki, bu yarışlardan çıxacaq gənc qardaşlarım bu ruhdan aldıqları ilhamla irəliləyəcək və tam müstəqillik mübarizəsində ən öndə olacaqlar.

Hörmətli qonaqlar, “TEKNOFEST Azərbaycan”ın təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinə təşəkkür edirəm. Gecə-gündüz əməyi keçən Türkiyə Texnologiya Komandası Vəqfindəki (T3 Vəqfi) heyətimiz və könüllülərimiz olmasaydı, bu qədər uğurlu bir “TEKNOFEST” sevincini yaşaya bilməzdik.

Fəaliyyət göstərdiyi Amerikadan Bakıya gələrək bizi və gənclərimizi şərəfləndirən Nobel mükafatı laureatı, görkəmli alimimiz Əziz Səncərə də ürəkdən təşəkkür edirik.

“TEKNOFEST” bayramında iştirak edən azərbaycanlı bacı və qardaşlarıma minnətdarlığımı bildirirəm.

Qardaşlığımızı daha da gücləndirəcək “TEKNOFEST”i himayə edən hörmətli cənab Prezident İlham Əliyev və hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan başda olmaqla, dəstəyini əsirgəməyən bütün tərəfdaşlarımıza təşəkkürlərimi ifadə edirəm.

Can Azərbaycanın Müstəqillik Günü mübarək! Eşq olsun Azərbaycana! Eşq olsun Türkiyəyə!

X X X

Festivalda çıxış edən dünyaşöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı professor Əziz Səncər dedi:

– Hamınızı hörmət və məhəbbətlə salamlayıram.

Bu gün Türk dünyasında ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümüdür. Bu münasibətlə bütün azərbaycanlı qardaşlarımızı, bütün Türk dünyasını təbrik edirəm.

Əziz gənclər, Bakıda “TEKNOFEST Azərbaycan”da sizinlə bir yerdə olduğum üçün çox şadam. Sizin elm və texnologiya sahəsində çalışmaq istəyiniz məni çox xoşbəxt edir. Bir böyüyünüz olaraq sizlərə əhəmiyyətli hesab etdiyim bir məsələ ilə bağlı tövsiyə vermək istəyirəm. Mən xərçəng xəstəliyi ilə bağlı çalışarkən Nobel mükafatı qazanım deyə işə başlamadım. Bu xəstəliyə qarşı bir dərman tapa bilərikmi deyə fəaliyyətə başladım. Həyatda və işlərinizdə yüksəlmək və ya mükafat almaq kimi məqsədlər üçün çalışmayın. Gördüyünüz hər işdə həmişə ən yaxşı olmağa çalışın. Ən önəmlisi insanlığa və Vətəninizə töhfə verməyə çalışın. Dürüst, əxlaqlı və ədalətli olun. Əgər bu şəkildə çalışsanız, mütləq mükafatınızı alacaqsınız. Bundan başqa, gördüyünüz işlərdən duyduğunuz coşqunun sönməsinə izn verməyin. Fateh Sultan Mehmet İstanbulu fəth edərkən “Ya mən səni alacağam, ya da sən məni” dediyi kimi coşqu və həvəslə çalışın.

Əziz gənclər, Vətənimizi sevməkdən əsla vaz keçməyin. Vətəninizə, insanlarınıza fayda verməyən işlərin davamlı olmayacağını bilin. Mənim üçün ən önəmli amillərdən biri Türk dünyasının inkişafı və Türk gənclərinin elmdə ən ön sıralarda yer almasıdır. Mardin vilayətinin Savur rayonundan çıxan və oxuma-yazma belə bilməyən bir ailənin uşağına bu şansı verən millətimizə güvənin. Vətənimizin, – Vətənimiz dediyim zaman mən həm Türkiyə, həm də Azərbaycanı nəzərdə tuturam, onu da açıqlayım, – yüksəlməsi üçün lap çox çalışın. İşlər qaydasında getmədikdə belə düzəltmək üçün mübarizə aparın, inadkar olun və məğlubiyyəti əsla qəbul etməyin.

Mən qırx yaşıma qədər gündə ən az 18 saat işlədim. Gəncliyimdə çox gecəni laboratoriyada keçirdim. İndi də 12 saatdan az işləmirəm. Unutmayın, işləmək və insanlığa faydalı olmaqla siz özünüzü həmişə daha yaxşı hiss edəcəksiniz. İnsanlığa, ölkənizə xeyirli bir iş görmənin verdiyi məmnunluq həmişə daha xoşbəxt olmağınızı təmin edəcək.

Siz gəncləri elmə yönəldən bu festivalları təşkil edən qardaş və bacılarınıza çox təşəkkür edirəm. Bu elm festivallarına dəstək verən prezidentlərimiz Rəcəb Tayyib Ərdoğana və İlham Əliyevə ürəkdən təşəkkürlərimi bildirirəm.

Hamınızı sevgi ilə salamlayıram. Allah yardımçınız olsun! Tanrı Türkü qorusun!

X X X

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Əziz qardaşım, Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan.

Əziz dostlar, bacılar və qardaşlar.

Bildiyiniz kimi, bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür, bizim ən əziz bayramımızdır. Bu bayramı ikiqat bayram edən əziz qardaşımın bizimlə bərabər olmasıdır. Xahiş edirəm, bütün Azərbaycan xalqı adından Türkiyə Respublikasının Prezidentini və onunla bərabər Azərbaycana gəlmiş bütün bacı-qardaşlarımızı səmimiyyətlə salamlayaq.

Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.

Biz iki həftə bundan əvvəl Türkiyənin gözəl yerlərindən biri olan Rizedə əziz qardaşımla bərabər idik, iki həftədən sonra Bakıda yenə də bərabərik. Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.

Keçən il iyunun 15-də – Milli Qurtuluş Günündə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi. 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar.

Türk dünyasının böyük oğlu, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı hörmətli Əziz Səncər də “TEKNOFEST”in hörmətli qonağı qismində təşrif buyurub. Əziz bəylə keçən görüşümü xatırlayıram, mənə dedi ki, onun böyük arzusu var idi hər zaman – Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdir və bildirmişdir ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə, ona nail olmuşam – Şuşanı da gördüm. Bu, bizi də çox xoşbəxt etdi. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir – həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Siz gənclər, Əziz bəyə oxşamağa çalışmalısınız.

Bu gün, eyni zamanda, Selçuk Bayraktarı səmimiyyətlə salamlamaq istəyirəm. Selçuk bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” PUA-larının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən Şuşada idi. Əminəm, Şuşanı görərkən bir daha şahidi oldu ki, Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız öz milli qürurunu müdafiə etmək, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar. Selçuk bəy də gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar.

Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik.

Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.

Mən bir daha əziz qardaşım, hörmətli Prezident və Türkiyədən gəlmiş bütün dostlarımıza, qardaşlarımıza, bacılarımıza bu bayram günündə bizimlə bərabər olduqları üçün öz təşəkkürümü bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək.

Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!

X X X

Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı

– Hörmətli Prezident, əziz Qardaşım.

Xanımlar və bəylər, əziz gənclər, hörmətli qonaqlar.

Sizi ən səmimi duyğularımla, məhəbbətlə salamlayıram.

Can Azərbaycanın Müstəqillik Günündə sizinlə bərabər olmaqdan böyük məmnunluq duyuram. Müstəqilliyin necə qazanıldığını, nə qədər dəyərli olduğunu çox yaxşı bilən bir millətin övladı olaraq Müstəqillik Gününüzü səmimi-qəlbdən təbrik edirəm. İstiqlal və gələcək yolunda apardığımız şanlı mübarizələri şəhidlikləri ilə taclandıran qəhrəmanlarımızı rəhmət və hörmətlə yad edirəm. Rəbbim əziz şəhidlərimizin ruhlarını şad, məkanlarını behişt etsin. Rəbbim bizləri də şəhidlərimizin müqəddəs və mübarək yolundan ayırmasın.

İki həftə əvvəl Rize-Artvin Hava Limanının açılışını əziz qardaşım hörmətli İlham Əliyev ilə birlikdə gerçəkləşdirmişdik. Bu gün isə küləyi sərt, insanı mərd bu gözəl paytaxt Bakıda bir başqa tarixi görüşə yenə birlikdə imza atırıq. Əziz qardaşım İlham Əliyevin timsalında Can Azərbaycanın mümtaz xalqına səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm.

Xəzərin incisi Bakıda “bir millət, iki dövlət, tək festival” şüarı ilə dünyanın ən nüfuzlu aviasiya, kosmos və texnologiya festivalı – “TEKNOFEST”i keçiririk. Bu qürurlu günümüzdə sevincimizi bölüşdüyü üçün dəyərli alimimiz Əziz Səncərə şəxsən öz adımdan və millətim adından təşəkkür edirəm. Badi-Kubədən, yəni, küləklər şəhəri gözəl Bakıdan Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə mübarizə apardığı torpaqların hər qarışına, Natəvanın qəzəlinin eşidildiyi ovalıqlara, şəhidimiz Xudayar qardaşımın mahnı oxuduğu diyarlara, Gəncəyə, Şuşaya, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgilərimi göndərirəm. Bu gün bir daha burada nümayiş etdirilən əzəli və əbədi qardaşlığımızı Rəbbim daimi etsin.

Əziz qardaşlarım, bu il diplomatik əlaqələrimizin yenidən qurulmasının 30-cu ildönümünü böyük bir qürurla qeyd edirik. Ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk. Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur. Aramızdakı məhəbbətin gücünü mərhum Bəxtiyar Vahabzadənin bu gözəl misraları ilə ifadə etmək istəyirəm:

Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu,
Azərbaycan, Türkiyə.

Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan, Türkiyə.

Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?

Ellərin yurdunda çiçək açarkən

Bizim elə qar gəlir, qardaşım.

Bu hüdudu kimlər çəkib könlümə,

Dar gəlir, dar gəlir, qardaşım.

Bəli, biz könüllərimizə çəkilən hüdudları yıxaraq bu gün burada birlikdəyik. Qərbdən Şərqə qədər harada bir qardaşımız varsa, ora bizim evimiz, yurdumuz, könül coğrafiyamızın ayrılmaz bir parçasıdır. Türkiyə və Azərbaycan olaraq bu anlayışla əlaqələrimizi, şükür olsun, əvvəlcə strateji tərəfdaşlıq, keçən il də Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdıq. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar qurduq. Burada Selçuk qardaşıma, onun böyük qardaşına, Bayraktar ailəsinə təşəkkür edirəm. Xüsusi vurğulamaq istəyirəm ki, silahlı pilotsuz uçuş aparatlarının zirvə nöqtəsi olan “Akıncı” PUA-ları İstanbuldan buraya fasiləsiz uçuş həyata keçirməklə rekorda imza atdı. İnşallah, uğurlarımız daha çox olacaq və onları da görəcəyik.

İlham qardaşımın da misilsiz töhfələri ilə ikitərəfli əlaqələrimizi təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdırdıq. Gələcəyimiz olan gənc nəsillərin ölkələrimiz arasında bütün sahələrdəki nümunəvi əməkdaşlığı daha da inkişaf etdirəcəklərinə inanıram. Səfərimin Azərbaycanın qədim şəhərinə həsr olunan “Şuşa İli”ndə gerçəkləşməsi də xüsusi məna daşıyır. Sizlərdən əziz şəhidlərimizin şanlı mirasına lazım gəldikdə canınız bahasına da olsa, sahib çıxmağınızı gözləyirəm.

Əziz gənclər, bu gün buraya aramızdakı məhəbbətin göstəricisi olaraq geniş heyətlə gəldik. Hər birinizə qəlbi sizinlə döyünən gənclərimizin salamını gətirdim. Sizlərə “Can Azərbaycan” deyəndə, “Qarabağ” deyəndə ürəyində fırtınalar qopan 85 milyonun salamını gətirdim. Sizlərə əllərini hər dəfə səmaya açanda Azərbaycanın firavanlığı və sabitliyi üçün dua edən Türkiyədəki qardaşlarınızın salamını gətirdim. Sizlərə Azərbaycan nəğmələri ilə sevinən, Azərbaycan ağıları ilə hüzünlənən milyonlarla dostunuzun, qardaşınızın salamını gətirdim. Sizlərə bölgəsində sabitlik abidəsi olaraq yüksələn Azərbaycan ilə həmrəyliyimizin xüsusi ifadəsi kimi gələcəyə Zəfər dolu həyəcanla, coşqu ilə birgə addımlamağın anlam və mənasını gətirdim. Qarşılaşdığı bu qədər haqsızlığa, ədalətsizliyə baxmayaraq, diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazan Azərbaycan ilə fəxr edirik. Qardaşım İlham Əliyevin qətiyyətli liderliyi ilə Can Azərbaycanın aydın bir gələcəyə doğru əmin addımlarla irəlilədiyini məmnuniyyətlə görürük. Sizlərə bu il anadan olmasının 130-cu ilində rəhmətlə andığım Azərbaycanın milli şairi Əhməd Cavadın bu sözləri ilə müraciət etmək istəyirəm:

Mən Türk övladıyam, dərin ağlım, zəkam var,

Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?

Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam.

Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!

Bəli, biz haqsızlıq qarşısında susanlardan olmadıq və olmayacağıq. Fürsətdən istifadə edərək Heydər babamızı da rəhmətlə yad edirəm. Məkanı cənnət olsun.

Biz təzyiqlə, təhdidlə qorxudulanlardan olmadıq, əsla olmayacağıq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq. Bizim heç kimin torpağında, ərazi bütövlüyündə gözümüz olmadığı kimi, xəbis niyyətlilərə verəcək bir qarış torpağımız da yoxdur və olmayacaq. Çünki biz təsadüflərin bir araya gətirdiyi insanlar deyil, tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıyıq. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik. Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Əziz Qardaşım, Müzəffər Ali Baş Komandan cənab Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ otuz il sonra əsarətdən qurtulmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. Bu məqam çox həssasdır, 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir. Bu prosesdə Azərbaycan ilə paylaşdığımız müdafiə sənayesi məhsullarımızın uğuruna bütün dünya şahid olmuşdur. Müdafiə sənayesi məhsullarında çatdığımız səviyyə önəmlidir. Amma qarşımızda qət ediləcək hələ çox məsafə var. Hər məsələdə olduğu kimi, müdafiə sənayesində də gənclərimizin biliklərinə, enerjisinə, əzminə, səylərinə güvənirik. “TEKNOFEST” məhz bu güvənin rəmzi olan bir tədbirdir.

Bu gün “TEKNOFEST”i ölkə xaricində ilk dəfə Can Azərbaycanda təşkil etməyin həyəcanını və haqlı qürurunu sizinlə bölüşürük. Bura Azərbaycan gəncliyinin bacarığını, istedadını nümayiş və inkişaf etdirməsi üçün önəmli bir platformadır. “TEKNOFEST” yarışlarında öz işləri ilə fərqlənən siz gənclərimiz sabahın pilotsuz uçuş aparatlarını, süni zəkalarını, rəqəmsal texnologiyalarını istehsal edən və inkişaf etdirən alimləri olacaqsınız. Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı davam edəcəyik.

“TEKNOFEST Azərbaycan”da Türk Dövlətləri Təşkilatını təmsil edən qonaqlarımızın da yer alması məmnunluğumu daha da artırır. Türk dünyasının ən müasir texnologiyalar istehsal edəcək gənc nəsillərlə mühüm nailiyyətlər əldə edəcəyinə ürəkdən inanıram. “TEKNOFEST”çilər bu günə qədər Türkiyədə son dərəcə gözəl layihələrə imza atdılar. Azərbaycanda da eyni uğuru əldə edəcəyimizə şübhə etmirəm. Türk Dövlətləri Təşkilatının da bu cür platformalarda təməlləri qoyulacaq yeni və daha böyük əməkdaşlıqlarla ortaq gələcəyimizdə daha güclü bir mövqeyə çatacağına inanıram.

Hörmətli Prezidentim, dəyərli qardaşım, sevgili gənclər, parlamentlərimizdə təsdiqlədiyimiz Şuşa Bəyannaməsində bildirdiyimiz kimi, müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması istiqamətində səylərimiz qətiyyətlə davam edir. Hər sahədə olduğu kimi, kosmos və aviasiya sahələrində də Azərbaycan ilə sıx əməkdaşlıq edəcəyik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş ölkələrimizdəki kosmos agentlikləri və müvafiq nazirliklər bir araya gəlirlər. Artıq bu torpaqlarda uğur, sülh və inkişaf hekayəsi yazmağın vaxtıdır. Keçmişdən və əvvəlki illərdə yaşadığımız acılardan dərs çıxaran bölgə xalqları olaraq hamımız gələcəyi birlikdə inşa etməliyik.

Müharibədə olduğu kimi, sülh dönəmində də Azərbaycanın yanındayıq. Regionda sülh və sabitlik üçün əziz qardaşım Əliyevin Ermənistanla qurmaq istədiyi dayanıqlı sülhü Türkiyə olaraq fəal şəkildə dəstəkləyirik.

Azərbaycanın bütün sahələrdə inkişaf yolunda nümayiş etdirdiyi uğurlara şəxsən şahidlik edirəm. Qarabağda və Şərqi Zəngəzurda Türkiyənin də rol aldığı bərpa-quruculuq işləri ilə “Böyük Qayıdış” üçün daimi şərait yaradılır. Atalarımızın dediyi kimi, nə əkərik, onu biçərik.

Biz illərdir minalanmış bu torpaqlara artıq inkişafın, tərəqqinin, rifahın, sülhün toxumlarını əkirik. Qarabağın dünyaya açılan qapısı Füzuli Beynəlxalq Hava Limanını keçən il qardaşım İlham Əliyev ilə birlikdə açmışdıq. İndi sırada Zəngilan və Laçındakı hava limanı layihələri var. Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da işğaldan azad olunan torpaqlardakı potensialdan istifadə edilməsinə imkan verəcək. Bu bölgələrdə “ağıllı kənd”lərin qurulması ilə bağlı layihələrdə birlikdə çalışırıq, qarşıdakı dövrdə çalışmaqda davam edəcəyik.

Əziz Qardaşımın da dediyi kimi, bölgəmizdə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgəmizdə sabitliyin möhkəmləndirilməsidir. Bu hədəflərimizin həyata keçirilməsi üçün Azərbaycan ilə sıx həmrəylik, təmas və koordinasiyamızı davam etdirəcəyik.

Allah yolumuzu, bəxtimizi açıq etsin. Bu düşüncələrlə bu gözəl festivalın keçirilməsində əməyi olan bütün qurumlarımıza təşəkkür edirəm. “TEKNOFEST Azərbaycan”ın qardaş ölkələrimizə bir daha xeyirli olmasını Rəbbimdən arzu edirəm. Bu gözəl festivalın təşkilinə görə Azərbaycanın aidiyyəti qurumları ilə yanaşı, Sənaye və Texnologiya Nazirliyimizə və T3 Vəqfinin rəhbərliyinə, iştirakçı gənclərimizə və əməyi olan hər kəsə təşəkkürlərimi bildirirəm. Hamınızı hörmət və sevgi ilə salamlayıram. Salamat qalın.

x x x

Çıxışlardan sonra festivalın müxtəlif müsabiqələr üzrə qaliblərinin mükafatlandırma mərasimi oldu.

Mükafatları qaliblərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Nobel mükafatı laureatı professor Əziz Səncər təqdim etdilər.

Prezidentlər İlham ƏIiyev, Rəcəb Tayyib Ərdoğan və görkəmli alim Əziz Səncər xatirə fotosu çəkdirdilər.

Dövlət başçılarına və Əziz Səncərə “TEKNOFEST Azərbaycan” festivalının xatirə hədiyyələri təqdim olundu.

Birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, həmçinin Sümeyyə Bayraktar və Arzu Əliyeva xatirə fotoları çəkdirdilər.

Sonra hər iki qardaş ölkənin rəsmi nümayəndələri birgə foto çəkdirdilər.

Mərasimdən sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan sərgi zonasındakı pavilyonlarla tanış oldular.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı çərçivəsində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou bu mötəbər tədbirin ən yaddaqalan hadisələrindən biri oldu.

Prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, qardaş ölkələrimizin rəsmi nümayəndə heyətləri və festival iştirakçıları aviaşounu izlədilər.

Böyük ölçüdə video

 

 

 

Böyük ölçüdə şəkillər

BÜTÜN YAZILAR

XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/56245

zline

Recent Posts

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation.

20 saat ago

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi.

1 gün ago

Tacikistan ile Almanya arasında siyasi istişareler

Tacikistan ile Almanya arasında siyasi istişareler.

1 gün ago

Political сonsultations between Tajikistan and Germany

Political сonsultations between Tajikistan and Germany.

1 gün ago

Birleşik Rusya, sambo’yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor

Birleşik Rusya, sambo'yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor.

1 gün ago

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu’nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu'nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi.

2 gün ago