Categories: EKONOMİ

İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısında iştirak edib

İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısında iştirak edib

 

 

Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.

Ötən il toplantı pandemiya səbəbindən videokonfrans formatda keçirilsə də, bu dəfə müvafiq şərtlərə əməl etməklə Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakçıları Bakıda bir araya gəldilər.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış edərək dedi:

– Zati-aliləri cənab Prezident.

Hörmətli komissarlar.

Hörmətli nazirlər, xanımlar və cənablar.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında sizi salamlamaqdan məmnunluq hissi keçirirəm. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin giriş nitqi ilə çıxış etmək üçün bizimlə bir arada olması bizim üçün böyük şərəfdir. Cənab Prezident, söz Sizindir.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı
– Sabahınız xeyir, əziz dostlar, hörmətli komissar Simson, hörmətli komissar Varhelyi.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hamınızı Azərbaycanda salamlamaq istəyirəm və bizi ziyarət etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm.

Bildiyiniz kimi, keçən il iclasımız videokonfrans vasitəsilə olmuşdu. Lakin pandemiya ilə bağlı bəzi narahatçılıqlara baxmayaraq, çox şadam ki, siz iclasda şəxsən iştirak etmək qərarını verdiniz. Eyni zamanda, təəssüf hissi ilə demək istəyirəm ki, iclasın bəzi iştirakçılarının koronavirusa yoluxması aşkar olunub və buna görə də onlar bu gün fiziki olaraq burada iştirak edə bilmirlər. Mən onlara möhkəm cansağlığı, tezliklə sağalmalarını arzulayıram. Əminəm ki, Azərbaycan həkimləri onların mümkün olduğu qədər tez normal həyata qayıtması üçün hər şey edəcəklər.

Qeyd etdiyim kimi, keçən il iclas videokonfrans formatında keçirildi. Bu gün biz qarşılıqlı əlaqəmizin ənənəvi formatını bərpa edirik. Əlbəttə ki, belə format təkcə önümüzdə olan əhəmiyyətli məsələləri həll etmək üçün yox, eyni zamanda, ikitərəfli və çoxtərəfli təmaslar qurmaq üçün daha yaxşı imkanlar yaradır. Hər ilin fevral ayında biz ənənəvi olaraq əvvəlki ildə görülmüş işləri nəzərdən keçiririk və gələcək addımlarımızı planlaşdırırıq.

Qeyd etmək istəyirəm ki, Məşvərət Şurasının hər bir iclasında müəyyən nailiyyətlər əldə edilmişdir. Hər il biz müəyyən yeni nailiyyətlər haqqında məlumat verirdik. Biz çox şadıq və özümüzü təbrik edə bilərik ki, bu dəfə biz Cənub Qaz Dəhlizinin uğurla tamamlanması haqqında məlumat verə bilərik. Biz çox şadıq ki, 2020-ci ilin sonuncu günü – dekabrın 31-də, – yeri gəlmişkən, bu, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür, – azərbaycanlılar üçün mühüm olan bu gündə biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verdik. Əlbəttə ki, mən layihədə iştirak edən bütün tərəflərə minnətdarlığımı bildirmək istəyirəm, ilk növbədə, Avropa Komissiyasına. Avropa Komissiyası və Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır. Bu gün iki komissarın burada olması faktı buna dəlalət edir. Həmçinin mən regionda enerji təhlükəsizliyi layihələrinə dəstək verdiyi üçün Prezident Şarl Mişelə minnətdarlığımı bildirmək istəyirəm və minnətdarlığımı ona çatdırmağınızı xahiş edirəm. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində şəxsən iştirak etdiyinə görə də ona minnətdarlığımı bildirirəm. Həmçinin Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələrin hökumətlərinə də təşəkkürümü bildirmək istəyirəm – Türkiyəyə, Gürcüstana, Yunanıstana, Bolqarıstana, Albaniyaya və İtaliyaya. Biz həqiqətən də bir komanda olaraq çalışdıq.

Hesab edirəm ki, milli səviyyədə koordinasiya bizə bu nəhəng layihəni – XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra etməyə kömək etdi. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Eyni zamanda, əlbəttə ki, biz enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmadan uğur qazana bilməzdik. Bu gün onlar buradadırlar. Əlbəttə, onların, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərli idi. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqteyi-nəzərlərdən mürəkkəb olan bu layihənın yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də fərəhlənə bilərik.

Əlbəttə, biz gələcəyə baxmalıyıq və mən əminəm ki, bugünkü iclasda iştirakçılar ənənəvi əməkdaşlıq sahələrini, gələcək planlarımızı müzakirə edəcək. Çünki hamımızın bildiyi kimi, əlavə qaz mənbəyinə tələbat artmaqdadır. Eyni zamanda, bərpa olunan enerji mənbələri ilə bağlı məsələlər də müzakirə olunacaq. Azərbaycan öz “yaşıl enerji” siyasətinə münasibətdə çox işlər görür. Dediyim kimi, yeni mənbələrdən qaz üçün tələbat artır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib – Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə – Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Əminəm ki, komandamızın üzvü olan Albaniyada öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək.

Həmçinin o faktı vurğulaya bilərik ki, bugünkü iclasda keçən illə müqayisədə daha çox sayda ölkə və şirkətlər iştirak edir. Yeni iştirakçılarımız var və bu da onu göstərir ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq, çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur.

Biz neft ixracatına 2006-cı ildən başlamışıq, artıq uzun illərdir. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq. Bu il biz keçən illə müqayisədə daha çox ixrac edəcəyik – böyük potensial var, xüsusilə indi, qaz bazarındakı vəziyyətin sabit olmamasını nəzərə alaraq. Həmçinin qiymətlər də çox dəyişkəndir.

Hesab edirəm ki, yeni nəticələrin necə əldə olunması üçün biz gələcəyimizi koordinasiya və xoşməramlı şəkildə birlikdə planlaşdırmalıyıq. Azərbaycanın isbat edilmiş qaz ehtiyatı məlumdur: 2,6 trilyon kubmetr. Əlbəttə ki, ən böyük yataq “Şahdəniz”dir – bir trilyon kubmetr. Əminəm ki, daha çox olacaq. Çünki neft və qaz yataqlarının işlənilməsi ilə bağlı təcrübəmizə baxsanız görərsiniz ki, biz həmişə yolumuzun əvvəlində gözlənildiyindən daha böyük həcmdə ehtiyatları görürük. Bunlar yeni yataqların kəşfi və yeni texnologiyalar sayəsində mümkün olmuşdur. Çünki bu gün bu sahədə texnologiya sürətlə inkişaf edir. Buna görə də mən əminəm ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Dediyim kimi, “Şahdəniz” Azərbaycanda əsas qaz yatağıdır və bu vaxtadək Cənub Qaz Dəhlizinə töhfə verən yeganə yataqdır. Lakin digər layihələr üzərində də iş gedir. Ümid edirik ki, ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. Ola bilsin, bir ildən də az müddətdə. İş mərhələlərlə aparılacaq. “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Bu, böyük bir həcm deyil. Lakin düşünürəm ki, bəzi ölkələr üçün əhəmiyyətli göstəricidir. Bu, bizim də artan tələbatımızı qarşılaya bilər və həmçinin ixrac imkanlarını da təmin edə bilər.

Yaxşı nəticə verəcəyinə ümid bəslədiyimiz digər böyük bir yataq “Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir. Əlbəttə ki, bizim çoxdan istismarda olan neft-qaz yataqlarımızdan biri – “Azəri-Çıraq-Günəşli”dən böyük gözləntilərimiz var. Onun tezliklə istismara veriləcəyinə ümid etdiyim dərin qaz hissəsində yüz milyardlarla kubmetr qaz olacaq və düşünürəm ki, qısa zamanda hasil edilə biləcək. Beləliklə, bu, bizim bugünkü potensialımızdır. Bizi 4 ölkə, 4 qonşumuzla birləşdirən şaxələndirilmiş qaz nəqli şəbəkəsinə malik olmaqla, əsas ixrac marşrutu – Cənub Qaz Dəhlizi tamamlanandan sonra, düşünürəm ki, bizim planlarımız həyata keçiriləcək. Lakin əlbəttə ki, biz bu komanda işini davam etdirməliyik. Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik.

Həmçinin demək istərdim ki, ilk növbədə, əhalinin sayının artması ilə əlaqədar bizim daxili tələbatımız da artır. Azərbaycanın demoqrafik vəziyyəti çox müsbətdir. Eyni zamanda, sənaye artır. Ötən il bizdə qeyri-enerji əsaslı sənayedə rekord artım göstəricisi qeydə alınıb. Sənayemizin bu sektoru demək olar ki, 20 faiz artıb. Əlbəttə ki, bizim öz tələbatımızı qarşılamaq üçün daha çox qaza ehtiyacımız var. Həmçinin ümidvaram ki, 2020-ci ildə Vətən müharibəsi ərzində işğaldan azad edilən ərazilərimizi qazlaşdırmaq üçün çox tezliklə bizim əlavə həcmdə qaza ehtiyacımız olacaq. Bu, tamamilə dağıdılmış böyük bir ərazidir. Bütün infrastruktur dağıdılıb. Bu ərazi 10 min kvadratkilometrdən çoxdur. Siz bizim qarşımızda necə çağırış olduğunu təsəvvürünüzə gətirə bilərsiniz. Biz artıq bu ildən etibarən keçmiş qaçqınlarımızı geri qaytarmağı planlaşdırırıq. Ona görə də, bizim öz istehlakımız üçün əlavə qaza ehtiyacımız olacaq. Burada biz bərpaolunan enerji mənbələri ilə bağlı diqqətimizi cəmləşdirdiyimiz çox mühüm bir məqama gəlirik. Yeri gəlmişkən, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb.

Biz elektrik enerjisi infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq və deyə bilərəm ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində biz dünyada ikinci yerdəyik. Beləliklə, biz böyük həcmdə vəsait yatırmışıq və elektrik enerjisi xətlərini demək olar ki, tamamilə müasirləşdirmişik, yeni elektrik stansiyaları tikmişik. Misal üçün, tezliklə biz Qobu qəsəbəsində demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışını edəcəyik. Ötən ay bu zalda biz tamamilə əcnəbi investor, enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin – 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimini qeyd etdik.

Mən, həmçinin demək istərdim ki, bizim elektrik enerjimizə regional bazarda da ehtiyac var, bəlkə də, biz daha uzağa, Avropaya qədər gedə bilərik. Çünki bu gün biz dörd qonşu ölkəyə – Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Həcm artır. Bizim Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik. Məsələn, mənim indicə qeyd etdiyim elektrik stansiyası – külək elektrik stansiyası ilə biz 200 və ya 300 milyon kubmetr qaza qənaət edəcəyik. Bu, yaxşı göstəricidir və istehlakı böyük olmayan ölkələr üçün ciddi dəyişiklik ola bilər. Beləliklə, bizim “yaşıl enerji” strategiyamız hazırda təkcə qiymətləndirilmə deyil, həm də planlamanın yekun mərhələsindədir.

Bizim işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramımız var. Energetika Nazirliyimiz aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Biz artıq Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsini aparmışıq və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Yeri gəlmişkən, sizi məlumatlandırmaq istərdim ki, bizim neft-qaz sahəsində strateji tərəfdaşımız olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Biz artıq orada 200 meqavatdan çox gücə malik bərpaolunan enerji mənbəyinin tikintisi ilə bağlı BP ilə danışıqlar mərhələsindəyik.

Mən, həmçinin demək istərdim ki, hazırda bizim Energetika Nazirliyi bərpaolunan enerjiyə investisiyaların yatırılması ilə bağlı aparıcı beynəlxalq enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindədir. Bizdə bununla bağlı böyük ruh yüksəkliyi var. Düşünürəm ki, bu, Azərbaycanda “yaşıl enerji”nin inkişafına dair bizim daxili strategiyamızın bir hissəsi olmaqla yanaşı, ixracdan əldə olunan gəlirlər üçün əlavə mənbə ola bilər və enerji mənbələri idxal edən ölkələr üçün də faydalı olacaq. Bizim, həmçinin Xəzər dənizinin qiymətləndirilməsinə dair xüsusi proqramımız var. İlkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur. Artıq biz bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər almışıq. Düşünürəm ki, bu, çox təbii olacaq. Çünki Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edib.

Qeyd etdiyim kimi, biz hər növ enerji mənbələri ixrac edirik. Biz ölkə daxilində olan və bizi bütün qonşularımızla birləşdirən elektrik xətlərini şaxələndirmişik. Bizim yaxınlığımızda ixrac bazarları, özü də artan ixrac bazarları var. Məsələn, iqtisadiyyatı artan, əhalisi artan Türkiyə kimi ölkə, düşünürəm ki, bizim üçün əsas bazardır, həmçinin əhalisi eynilə artan İran. Mən Qara dənizin dibi ilə Mərkəzi Avropanı bizim regionumuzla birləşdirən elektrik xətlərinin çəkilməsi ilə bağlı müəyyən planlardan xəbərdaram. Azərbaycan Gürcüstanın elektrik enerjisi təchizatçısı olaraq burada iştirak edə bilər. Bizim burada həqiqətən də böyük potensialımız var.

Biz çox fəal işləyirik, üzərimizə düşəni edirik. Eyni zamanda, şadam ki, Avropa Komissiyası ilə bizim Energetika Nazirliyimiz arasında buna həsr olunmuş xüsusi sessiya keçirilməsi üçün razılıq əldə olunub. Bunu həqiqətən də təqdir etməyə dəyər. Başqa sözlə, Cənub Qaz Dəhlizi tamamlanıb, lakin bizim işimiz davam edir. Biz bir komanda kimi işləməyə davam etməliyik.

Mən bir daha məmnunluğumu ifadə etmək istərdim ki, bu dəfə daha çox iştirakçımız var. Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi ilə bağlı məsələlərin nə dərəcədə mühüm olduğunu sübut etməyə ehtiyac yoxdur. Biz hamımız bunu başa düşürük. Əlbəttə ki, Azərbaycan nəhəng neft-qaz ehtiyatları və bərpaolunan enerji potensialına malik ölkə olduğundan, sözsüz ki, biz öz məsuliyyətimizi başa düşürük. Sizə deyə bilərəm ki, biz daha yaxşı imkanlar yaratmaq üçün gələcəkdə də məsuliyyətli şəkildə davranacağıq. Bundan əlavə, həmçinin demək istərdim ki, bizim birgə yürütdüyümüz enerji siyasəti enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərinin də hüdudlarını aşır. Çünki bu, ölkələr arasında yeni bağlantılar yaradır və əlaqələrin inkişafına kömək edir, bu prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin artırılmasına kömək edir.

Beləliklə, bizim gördüyümüz işlərin çox sayda müsbət nəticələri var. Bir daha qeyd edim ki, biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək.

Bir daha bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirəm. Məşvərət Şurasının iclasına uğurlar arzulayıram. Sağ olun.

x x x

Azərbaycanın energetika naziri Pərviz Şahbazov: Cənab Prezident, dərin məzmunlu çıxışınıza görə Məşvərət Şurası iştirakçıları adından Sizə minnətdarlığımızı bildiririk. Sizin təşəbbüsünüzlə yaradılmış Məşvərət Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsi olaraq, Sizin rəhbərliyiniz və tövsiyələrinizlə Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına mühüm töhfələr verdi. Məşvərət Şurasının budəfəki iclasında da səsləndirdiyiniz fikirlər, aktuallaşdırdığınız məsələlər Cənub Qaz Dəhlizi üzrə gələcək fəaliyyətimiz üçün aydın istiqamətlərdir. Cənub Qaz Dəhlizi layihəsinə davamlı dəstəyinizə görə Sizə bir daha dərin təşəkkürümüzü bildiririk.

İndi isə mən sözü Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsona vermək istəyirəm. O, həmçinin bizim Məşvərət Şurasının həmsədridir. Buyurun, xanım, söz sizindir.

x x x

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsonun çıxışı
– Sağ olun.

Hörmətli Prezident Əliyev.

Hörmətli nazir Şahbazov.

Zati-aliləri, xanımlar və cənablar.

Bu gün sizinlə Məşvərət Şurasının iclasını açıq elan etməkdən olduqca məmnunam. Çıxışıma təşəkkür bildirməklə başlamaq istərdim. İlk olaraq, bu gün tədbirə ev sahibliyi edən Prezident Əliyevə və nazir Şahbazova təşəkkürümü bildirirəm. Artıq ikinci dəfədir ki, mən bu tədbirdə iştirak edirəm. Birbaşa isə, ilk dəfədir.

Görürəm ki, bu gün Məşvərət Şurasında Qərbi Balkanlardan bir çox nazir və təmsilçilər iştirak edir. Sizin burada olmağınız Cənub Qaz Dəhlizinin Avropa İttifaqı və region üçün nə dərəcədə əhəmiyyətli olmasının kifayət qədər sübutudur. İkincisi, mən Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səylərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Bu, bizim qaz təchizatı təhlükəsizliyi baxımından çox vacib bir məqamdır və Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır.

İndi isə keçək bugünkü müzakirələrimizə.

Bu günün gündəliyi qarşımızdakı çağırışları və imkanları aydın şəkildə əks etdirir. Onlardan bəziləri Cənub Qaz Dəhlizinin istismarına aiddir. Biz onları birinci sessiyada müzakirə edəcəyik. Digər məsələlər enerji sistemlərimizin uzunmüddətli planlarına aiddir. Buna ikinci sessiyada baxılacaq. İcazə verin, bu məsələlərin hər biri üzrə bəzi fikirləri bölüşüm.

İlk olaraq, bu gün keçirilən iclas Cənub Qaz Dəhlizinin bir il ərzində tam istismarından sonra ümumi işləməsinə nəzər salmaq imkanıdır. Biz bunu hər dəfə görüşdüyümüz zaman etiraf etməliyik. Həmin dəhliz altı ölkədən keçərək, 3500 kilometr məsafə qət edərək və tərəfdaşlar arasında əməkdaşlığın nəticələrinin bariz nümunəsidir. Ötən ilin dekabrından Trans-Adriatik boru kəməri ilə Avropa bazarına təxminən 10 milyard kubmetr qaz nəql edilib.

Hamımız bu layihə zamanı dəf etdiyimiz çətinlikləri və maneələri yaxşı xatırlayırıq. Lakin bu gün hətta ən skeptik yanaşan insanlar onun baş tutmasına görə minnətdarlıq bildirir. Etibarlı, rəqabətcil və qəbul edilən qiyməti olan qaz Cənub-Şərqi Avropaya yol tapmaqdadır. Evlər qazla təchiz olunur, binalar isidilir və vətəndaşlar ehtiyac duyduğu enerjini alırlar. Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyət kəsb edir. Fikrimizcə, Cənub Qaz Dəhlizi davamlı uğur hekayəsidir. Əlbəttə, bütün uğur hekayələri kimi, bu məsələ növbəti mərhələyə çıxır və biz baxmalıyıq ki, dəhliz öz ötürücülük qabiliyyətini artıra, yaxud hətta coğrafi baxımdan genişləndirə bilərmi? Ötən il nazirlərin iclasında bu məsələlərin öyrənilməsinə başlandı.

Ötənilki iclasdan sonra dəhlizlə bağlı siyasi söhbətlər və qazla əlaqədar geniş müzakirələr aparıldı. Avropa İttifaqı qazın keçid dövründə rolu, onun tənzimləyici və infrastruktur təsiri ilə əlaqədar öz mövqeyini aydınlaşdırdı.

Biz ötən ilin dekabrında hidrogen və dekarbonlaşmış qaz bazarlarına aid paketi qəbul etməklə qaz sektorunun dekarbonlaşmış gələcəyə doğru çərçivəsini müəyyən etdik, hidrogen və bioqaz sahəsində yeni imkanlar yaratdıq. Bu paketə gəldikdə o, həmçinin bugünkü qaz bazarının yaxşı formalaşdırılmasına xidmət edir. Onu daha müqavimətli, istehlakçıları nəzərə alan bazara çevirir. Biz, həmçinin mühüm və tarazlaşdırılmış qaydaları qəbul etmişik ki, enerji sektorunda metan emissiyaları azaldaq. İki gün öncə komissiya taksonomiya ilə bağlı ümumi bir aktı qəbul edib. Orada qaz sektoruna aid olan fəaliyyətlər müəyyən edilir və onlar iqlim dəyişməsinin qarşısının alınmasına töhfə verməlidir. Bu, əslində, özəl sektoru həvəsləndirməlidir ki, onlar birbaşa bu kimi layihələrə sərmayələr yatırsınlar. Çünki Avropaya təmiz enerji keçidi lazımdır və biz hər bir üzv ölkə ilə bunu həyata keçirəcəyik. Hazırda biz Trans-Avropa Şəbəkəsini yaratmışıq və o sahədə maliyyə vəsaitlərini ayırırıq ki, Avropa İttifaqında hidrogen şəbəkələri daha da genişlənsin. Bununla bağlı biz Avropa İttifaqının qonşuluğunda, həmçinin iqtisadi və sərmayə planı çərçivəsində qaz infrastrukturuna sərmayə yatırmağa açığıq.

Bizim tənzimləyici və infrastruktur çərçivəmiz, əslində, qarşıdakı illər ərzində qazın rolunu etiraf edir. Eyni zamanda, biz hidrogen və aşağı karbonlu qazlara keçidi də nəzərdə tuturuq. Biz hesab edirik ki, 2030-cu ilə qədər qaz Avropanın ümumi enerji istehlakının 22 faizini təşkil edəcək. Bu gün enerji qiymətləri artdıqca, geosiyasi gərginlik olduqca Avropada da həmin bu şaxələndirilmənin əhəmiyyətini daha yaxşı anlayırlar.

Təbii qaz təchizatı, o cümlədən maye qaz boru kəmərləri vasitəsilə nəql edilməlidir. Qazın öz marşrutumuzla nəqlinə və xalis sıfır karbona keçidə gəldikdə biz bunu təşviq edirik. Biz istərdik ki, bu, həm bizim qonşularımızda olsun, həm də Qərbi Balkanlarda. Bu region üçün aydın bir prioritet var ki, biz kömürdən daha çox dekarbonlaşdırılmış sistemə keçməliyik. Bizim bu gün kömürdən istifadə edən stansiyalarımızın istismar müddəti bitib, onlar artıq standartlara cavab vermir və bu da ətraf mühitə təhlükədir.

Biz çalışırıq ki, enerji biliyimizlə dekarbonlaşma planlarına dəstək verək, bütün region ölkələrinə kömək edək. Hər bir ölkənin enerji sistemində o ölkənin unikallığı nəzərə alınmalıdır. Bu, o deməkdir ki, hər bir ölkənin öz gedəcəyi istiqamət var və qaz ənənəvi, yəni, çirkləndirici enerji mənbələrini əvəz etməlidir.

Qərbi Balkan ölkələrinə gəldikdə, mən onların buradakı təmsilçilərini salamlayıram. Onlar da öz enerji keçidlərinin təmin edilməsi üçün gələcək qaz planlarını tərtib edirlər. Gələn aylar ərzində onların etdikləri seçim bu regionda yeni layihələrə imkan yaradacaqdır. Lakin, həmçinin deməliyəm ki, biz regiona dəstək verdiyimiz zaman onların seçimləri müvafiq olmalıdır. Biz onlarla əhatəli strategiya çərçivəsində əməkdaşlıq edəcəyik ki, daha yaşıl və daha dayanıqlı enerji sistemləri qurulsun və region üçün investisiya planları tərtib edilsin. Cənub Qaz Dəhlizi daha aydın şəkildə bu tənzimləyici kontekstdə oturur və bu gün bazar imkanları əsas hesab olunur. Bu kontekstdə, biz hesab edirik ki, Trans Enerji Konsorsium tərəfindən həyata keçirilən bu sınaq vacib bir addımdır. 2022-ci ilin iyulunda artıq nəticələri bilinəcək ki, bu da Avropa İttifaqı üçün əhəmiyyətlidir. Bu, elə bir məsələdir ki, biz komissiya çərçivəsində buna diqqət yetiririk. Bütün bu elementlər bu gün müzakirə olunacaq. Cənub Qaz Dəhlizinə gəldikdə, inanıram ki, biz bu gün bunu daha yaxşı anlayacağıq.

İndi isə, icazə verin, təmiz enerjiyə keçidlə bağlı ikinci sessiyamız haqqında danışım. Bu sessiya çərçivəsində vacib məsələlər nəzərdən keçiriləcək. Təmiz enerjiyə keçid yeni imkanlar yarada bilər, yeni gəlir mənbələrini formalaşdıra bilər və bizim sistemlər adi ənənəvi enerji mənbələrindən azad olunar. Bu baxımdan bir neçə mövzu artıq müəyyən edilib. Lakin bizim qarşımızda vahid bir sual dayanır: biz sabit enerji təchizatının təmin edilməsi ilə iqlim neytrallığına necə nail olmalıyıq?

Mən metanın atmosferə atılmalarının azaldılmasının vacibliyini xüsusilə qeyd etmək istəyirəm. İstəyirəm ki, bu, bizim debatlarımızda xüsusi yer tutsun. Çünki iqlimə gəldikdə metan potensial olaraq təhlükəli maddədir və onun ətraf mühitə təsiri sürətlə arta bilər. Bu baxımdan Avropa İttifaqı bu gün məhz innovativ texnologiyalara daha çox sərmayə yatırılmasını vacib hesab edir ki, karbon qazının təsiri azalsın.

Bərpaolunan enerji mənbələrinə gəldikdə, onlar Avropanın uzunmüddətli planlarının təməl daşını təşkil edir. Bu, nəinki bizə dekarbonlaşmanı təmin etməyə, o cümlədən daha böyük bərpaolunan enerji mənbələrinin təmin edilməsinə yardım göstərəcək.

Bizim bilik və təcrübəmiz, bu sahədə atdığımız addımlar tərəfdaşlarımıza açıqdır. Məsələn, Azərbaycandan başlayaq. Hörmətli cənab Prezident, mən maraqla onu öyrəndim ki, hazırda Xəzər dənizindəki bu potensial qiymətləndirilir. Yəni, aydındır ki, həmçinin “Küləklər şəhəri” kimi tanınan Bakıda bu, Azərbaycan üçün çox böyük imkandır.

Avropa, eləcə də növbəti onillik ərzində tam genişmiqyaslı hidrogen bazarının formalaşdırılmasına diqqət yetirir. Biz istərdik ki, güclü hidrogen sənaye sektorumuz olsun. Avropa böyük hidrogen bazarıdır və biz üçüncü ölkələrdən idxala açığıq. Bərpaolunan enerji mənbələrinə, o cümlədən hidrogenə gəldikdə, hesab edirəm ki, regional strateji əməkdaşlıq üçün imkanlar çox genişdir.

Onu da bildirməliyəm ki, biz öz gələcəyimizi karbondan azad gələcək kimi formalaşdırırıq. Bunun üçün Azərbaycanla enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığa ehtiyac var. Biz bu gün fikir mübadiləsi aparmalıyıq ki, qısa və uzun müddətli əməkdaşlığımız necə formalaşdırılmalıdır. Gələcəkdə bizim Məşvərət Şuramız həm də ümumi təmiz enerji məsələlərinin həllində fikir mübadiləsi aparmaq üçün faydalı platformaya çevriləcək.

Xanımlar və cənablar, nazirlər, cənab Prezident, mən bununla öz çıxışımı bitirirəm və ümid edirəm ki, siz fikir mübadiləsi əsnasında bəzi ideyalarla çıxış edəcəksiniz. Ümid edirəm ki, bu gün bizim maraqlı müzakirələrimiz olacaq. Sağ olun.

x x x

Pərviz Şahbazov: Xanım komissar Simson, Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyində roluna dair fikirlərinizə və ətraflı çıxışınıza görə təşəkkür edirəm. İndi isə mən təşəkkürümü bildirirəm ki, siz bizimlə bu layihə üzrə əməkdaşlıq istəyinizi bildirdiniz və bununla bu açılış sessiyamız başa çatır.

Cənab Prezident, çox sağ olun ki, bizimlə oldunuz.

x x x

Toplantı işini panel sessiyalarla davam etdirib.

 

kaynak:https://president.az/az/articles/view/55362

 

 

zline

Recent Posts

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation.

1 gün ago

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi.

1 gün ago

Tacikistan ile Almanya arasında siyasi istişareler

Tacikistan ile Almanya arasında siyasi istişareler.

2 gün ago

Political сonsultations between Tajikistan and Germany

Political сonsultations between Tajikistan and Germany.

2 gün ago

Birleşik Rusya, sambo’yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor

Birleşik Rusya, sambo'yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor.

2 gün ago

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu’nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu'nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi.

2 gün ago