Yerusəlimdə 1988–1990-cı illərdə Azərbaycanda baş verən proseslərdən danışılıb
2023
Yerusəlimdə 1988–1990-cı illərdə Azərbaycanda baş verən proseslərdən danışılıb
İsrailin Yerusəlim şəhərindəki Yeni İmmiqrantlara Dəstək Mərkəzində “İsrail-Azərbaycan arasında yeni perspektivlər” mövzusunda tədbir keçirilib.
Yerusəlim Mətbuat Klubu və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının birgə təşkil etdiyi tədbir çərçivəsində Don Konun (Vadim Korş) “Qarabağ tələsi. Ermənistan-Azərbaycan münaqişəsinin başlanğıcı şahidinin qeydləri” adlı kitabı təqdim olunub.
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak bildirib ki, kitab Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən 2023-cü ilin yanvarında nəşr olunub.
Kitabın yazılması səbəblərindən və 1988–1990-cı illərdə baş verən hadisələrdən danışarkən Vadim Korş qeyd edib iki xalqın barışmaz düşmənə çevrilməsində, minlərlə insanın ölümündə, on minlərlə insanın qaçqın və məcburi köçkün durumuna düşməsində, Azərbaycan ərazisinin bir hissəsinin işğal olunmasında və xarabalığa çevrilməsində kimin günahkar olduğunu bilmək olduqca vacibdir.
Həmin illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət İnformasiya Agentliyi “Azərinform”da (indiki AzərTAC) çalışdığını xatırladan müəllif vurğulayb ki, növbətçi olduğu gecə – 1988-ci il fevralın 20-də saat 23.30-da Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdiyi barədə xəbər alıblar. Ertəsi gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Vasili Konovalovla birlikdə Xankəndiyə (o zamankı Stepanakert) uçan yeganə jurnalist olub. Beləliklə, Qarabağ münaqişəsinin mərkəzində olan Vadim Korş 1988-ci ilin oktyabrına qədər “öndə” olub. Müəllif təəssüflə vurğulayıb ki, 1988-ci ildə qanlı münaqişələrə səbəb olan millətlərarası qarşıdurmanı dayandırmaq mümkün olmadı.
1989-cu ildə Bakıda keçirilən etiraz mitinqlərindən reportajlar hazırladığını xatırladan müəllif 20 Yanvar faciəsi zamanı şahidi olduğu hadisələrdən danışıb. Həmin gecə növbətçi olduğu üçün “Azərinform”a yollanan jurnalist İnşaatçılar prospektində sovet əsgərləri tərəfindən atəşə tutulduğunu söyləyib. Agentliyin girişində onu pulemyotçular qarşılayıb və xəbər agentliyinin reportajlarını hazırlamağa icazə verməyiblər. Sovet ordusunun podpolkovniki cari hadisələrlə bağlı bütün materialların Müdafiə Nazirliyi tərəfindən veriləcəyi barədə ona xəbərdarlıq edib. Müdhiş gecə 400-dən çox dinc insanın yaralandığını, sakinləri xilas etməyə çalışan Vadimin qonşusu, “təcili yardım” xidmətinin həkimi Saşa Marxevka da daxil olmaqla, 170-dən çox insanın həlak olduğu, Bakının Dağüstü Parkında salınmış Şəhidlər Xiyabanında azərbaycanlı, rus, tatar, yəhudi millətinə məxsus 179 gənc və qocanın, qadın və uşağın dəfn olunduğu vurğulanıb.
Müəllif bir daha təəssüflə nəzərə çatdırıb ki, əgər 1988-1990-cı illər kimi mürəkkəb dövrdə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etsəydi, bütün faciələrin qarşısı vaxtında alınardı və proseslər tamamilə başqa istiqamətdə inkişaf edərdi.
1990-cı il 20 Yanvar faciəsinin çoxlu sayda insanın taleyini, regionların demoqrafik quruluşunu dəyişdiyini, Sovet İttifaqının süqutunun başlanğıcı olduğunu xatırladan jurnalist 1990-cı ilin aprelində İsrailə köçdüyünü və yerli qəzetlərdə jurnalist kimi fəaliyyətini davam etdirdiyini bildirib.
Tədbir iştirakçılarına həmçinin 2020-ci ildə baş verən 44 günlük müharibə zamanı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının əksəriyyətini azad etdiyindən, İsraillə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrindən, Azərbaycanın ötən ilin sonunda İsraildə səfirlik açılması və ilk səfiri təyin etməsi barədə qərar qəbul etməsindən danışılıb.
Sonda müəllifin imzası ilə kitablar tədbir iştirakçılarına təqdim olunub.
Tədbir çərçivəsində 20 Yanvar faciəsini əks etdirən anım guşəsi nümayiş etdirilib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/yeruselimde-1988-1990-ci-illerde-azerbaycanda-bas-veren-proseslerden-danisilib-2255