Yazar Yaşar Süleymanlı `nın Karabağ Savaşı ve Ermeni Vahşetini Anlatan Öyküsü
REİNKARNASİYA
Müharibə qadınlara və kişilərə eyni dərəcədə təsir göstərir. Lakin bəzilərinin qanını, bəzilərinin isə göz yaşlarını alır.
Uilyam Tekerrey
Dünyanın bir çox ölkəsində olmuşam, onlarla şəhərlər gəzmişəm, amma hər dəfəsində ən böyük həyəcanı Vətənə dönüşümdə yaşamışam. Uzun ayrılıqdan sonra sevgilisi ilə görüşə tələsən bir aşiq kimi ürəyim quş kimi çırpınıb.
Vətənə hər gələndə onun havası, suyu, mənzərələri, insanları bir başqa cür gözəl, bir başqa cür doğma gəlir adama.
Təyyarədən enərkən pillələrdə dayanıb, dərindən nəfəs alıb bir müddət nəfəsimi saxladım. İlahi, elə bil Vətəndən ayrı qaldığım bütün bu illər ərzində ciyərlərim oksigenə həsrət qalıbmış.
Gənclik illərində, bir növ, qaçmağa çalışırdım Vətəndən, indisə əksinə, hər an geri dönmək üçün can atıram. Necə deyərlər, “yaşlandıqca torpaq adamı özünə çəkir”. Necə də yerində deyilib bu məsəl.
Hava limanı, zəruri prosedurlar, müştəri haraylayan sürücülər, taksi və üzü Bakıya şütümək…
…Bu da şəhər, onun doğma, əziz siması…
Ünvana çatmağa bir-iki kilometr qalmış taksi sürücüsündən maşını saxlamasını xahiş etdim. Bu hüsnü üçün darıxdığım küçələri bir az piyada gəzib-dolaşmaq istədim.
Maşın dayandı. Kiçik əl çantamı götürüb taksidən endim. Bir anlıq ətrafa göz gəzdirdim. Hər yan necə də dəyişib. Başı göyləri dələn, göz oxşayan binalar, Cənnət kimi güllü-çiçəkli park, yanımdan ötən qayğılı-qayğısız insanlar…
İlk dəfə gördüyüm bu həmyerlilərim mənə necə doğma gəldilərsə, az qaldım ən yaxınım kimi qucaqlayıb bir-bir hamısını bağrıma basım.
Saata baxdım, 12:30-u göstərirdi.
Dostum Rövşənlə görüşmək üçün əvvəlcədən ünvan seçmişdik, ünvana yetişdim. Budur, o da gülümsəyərək mənə sarı gəldi.
Rövşənlə dostluğumuzun çox qədim tarixi var, o qədər qədim ki, sanki başqa-başqa analardan əkiz doğulmuşuq, özümüzü dərk edəndən bir-birimizə bağlanmışıq.
Rövşən çox qəribə biridir, qəribə olduğu səbəbindəndir ki, qeyri-adi şeylər axtarışındadır hər zaman. Bəlkə də onun bu qəribəliyidir özünü mənə dost kimi sevdirə bilməsi.
Qucaqlaşıb görüşdük. İlahi, necə də yaşlaşıb dostum, görmədiyim bu müddətdə. Başında bir dənə də olsa qara tük qalmayıb, saç-saqqal bəyazlara bürünüb. İstər-istəməz gözlərim doldu, onu sağ-salamat qarşımda görməyimə o qədər sevindim ki, söz ilə izah etmək mümkün deyil bu sevinci.
Aylar əvvəl o cəbhəyə yollananda 44 günün hər birində Allaha “dostumu qoru” deyə qürbətdə dualar etmişdim, Allah da dualarımı eşitdi və budur, dostum sağ-salamat qarşımdadır…
Hal-əhvaldan sonra Rövşən Vətənə dönüşümü qeyd etməyi təklif elədi və tez də əlavə etdi ki, “Səni çox qəribə və çox ləzzətli yeməkləri olan bir kafeyə aparacam”. Çox ac idim, tərəddüd etmədən razılaşdım, amma tək şərtim bu oldu ki, hesabı özüm ödəyim. Bic-bic gülümsəyərək “olsun” dedi. Düzü, bu “olsuna” bir az şaşırdım, mən tanıdığım Rövşən, ən azından,”Elə şey olmaz, sən qonaqsan” deyərdi…
Bu, bundan sonrakı qeyri-adi hadisələrə bir giriş imiş sən demə.
Bir taksiyə əyləşib yola düzəldik.
Əvvəllər əsgərlik sərgüzəştlərindən dayanmadan, həvəslə danışan dostum nədənsə bu dəfə müharibədə iştirakından heç danışmırdı, yol boyu fərqli mövzulara toxunsa da əsas mövzu haqda bir kəlmə belə demirdi.
Sual etdim, “Nə əcəb müharibədən danışmırsan”. Dedi, “İnan, 44 gün cəhənnəmdə keçib, o günləri unutmağa çalışıram, hələ də gecələr yuxumdan o dəhşətli səhnələr çıxmır. Qollarımda can verən gəncəcik oğullar, əli, qolu, ayağı qopmuşların fəryadı, başımıza yağış kimi yağan mərmilər, tük ürpədən ah-nalə səsləri, yarım qalmış ömürlər, gündə neçə dəfə gördüyüm ölümlər… Dəhşət bir şeydir müharibə, inan, heç xatırlamaq istəmirəm o anları, bununla belə, hər saniyə gözümün önündə bir film səhnəsi kimi onlar canlanırlar.”
Sonra əlavə elədi:
– Mən bu haqda danışmasam da, getdiyimiz kafedə bir çox sualına cavab tapacaqsan.
Kafedə müharibə ilə bağlı suallara cavab tapacağım mənə o qədər qeyri-adi, əslində ağlasığmaz göründü ki, dostumdan aydınlıq gətirməsini təvəqqe eləmək istədim, amma elə həmin anda bir az xırıltı qarışıq səsiylə “Gəlib çatdıq” dedi.
Qarşısında dayandığımız kafenin adı “Ağdam” idi. Hərflərə vurulan rənglərdən sanki qan damcılayırdı. İzah edə bilməyəcəyim hisslər keçirdim bu mənzərəylə üzləşərkən.
İçəri daxil olduq.
İçərinin dizaynı da çox qəribə idi. Bir divarında Ağdamın 1993- cü il işğalına qədər çəkilmiş göz oxşayan şəkilləri, məscidləri, mədəniyyət sarayı, abidələri, o məşhur çay evi, bir- birindən yaraşıqlı binaları, bir divarında isə işğaldan sonra eyni binaların, eyni yerlərin dağıdılıb xarabalığa çevrilmiş şəkilləri… Qırılıb dağıdılmış məzar daşları, yerlə yeksan olmuş məzarlıqlar…
Kafenin sol divarı göz oxşadığı qədər sağ divar da ürək parçalayırdı. Bu şəkillərdəki xarabalığın miqyası 1941-45-ci illərdə İkinci Dünya Müharibəsi zamanı faşistlərin Avropa və SSRİ-nin şəhərlərinin yerində qoyduqları xarabalıqdan belə betər görsənirdi. Sanki Amerika atom bombasını Xirosimaya deyil, Ağdama atmışdı.
Kafenin baş divarında Ağdam şəhərinin şəhidlərinin şəkilləri vurulmuşdu. Altından isə qan damcılarını xatırladan rənglə rənglənmiş hərflərlərlə “Birinci Qarabağ müharibəsində 6 min şəhid, ikinci Qarabağ müharibəsində isə 47 şəhid verib Ağdam şəhəri” yazılmışdı. Şəkillərin tən ortasında milli qəhrəman Allahverdi Bağırovun böyük portreti vardı. Birinci Qarabağ müharibəsi şəhidi olan Allahverdi Bağırov Xocalı şəhəri erməni cəlladları tərəfindən işğal olunan zaman 1003 nəfəri düşmən əsarətindən xilas etmişdi. Onların da böyük əksəriyyəti qadınlar, qocalar və uşaqlar idilər. Buna görə də tək ağdamlıların deyil, bütün Azərbaycanın fəxri sayılırdı Allahverdi Bağırov.
Şəkillərə ürək ağrısıyla baxırdım, 1993-cü ilə qədər olan Ağdama və sonradan xarabalığa dönmüş bu gözəl şəhərin fotosəlnaməsinə göz yetirdikcə, ələlxüsus, sənə baxan 6047 yarıda kəsilmiş ömürləri əbədi olaraq fotoya dönmüş şəhidlərə diqqət etdikcə “insan burda necə yemək yeyə bilər” düşüncəsinin fikrimə hakim olması, əlbəttə ki, yersiz deyildi. Ürəyimdə bir xeyli Rövşəni qınayırdım da, məni bura yemək yeməyə gətirdiyi üçün.
Keçib küncdə, bir masanın arxasında əyləşdik.
Tibb bacısı geyimində olan ofisiant qız stola yaxınlaşıb menyunu təqdim etdi. Ofisiantın ağ xələti sanki qana bulaşıbmış kimi bir neçə yerindən rənglənmişdi. Ölüm-itim, qan-qada izləri buranın əsas atributu imiş. Yaxşı ki, ofisiant qız aralandı. Yoxsa ona sual edəcəydim ki, bu zərif vücudunla bu boyda dərd məkanında necə duruş gətirirsən.
Menyunun üzərində, götürüb nəzərdən keçirdim, Ağdamın tarixi, müharibədən əvvəlki və sonrakı halı haqqında geniş məlumat yer almışdı, sonda isə ingilis, rus və Azərbaycan dilində bir qeyd aparılmışdı. “Bütün bu məlumatların düzgünlüyünü internetdə axtarış verib yoxlaya bilərsiniz” – deyə.
Axır ki, düşüncələrimi gizləyə bilməyib “Ay Rövşən, burada insanın necə nəfsi çəkib nə isə yeyə bilər?” – deyə sual etdim, o isə heç halını da pozmadan menyuya baxaraq “Buranın çox ləziz yeməkləri var, mən tez-tez gəlirəm, sən də dadına baxandan sonra çox bəyənəcəksən” söylədi. Ürəyimdə müharibəyə və buna səbəb olanlara lənət oxuya-oxuya təşvişlə düşündüm ki, yazıq dostum müharibədə kontuziya-filan alıb bəlkə? Bəlkə ağlını itirib? Normal bir adam burada necə iştahla nə isə yeyə bilər axı?
Bu fikirdən ürəyim də sıxıldı, dostuma hayıfım gəldi, ona nə cürsə kömək etmək yollarını aramağa başladım. Ürəyini sındırmamaq üçünsə quruca “Nə istəyirsən, sifariş elə, mənim üçün bir fərqi yoxdur” dedim.
Əli ilə işarə edib ofisiantı çağırdı:
– Bizə üç şiş quzu kababı, üç şiş döymə (Ağdamda lülə kababın bir növüdür – red.), lobyalı plov, çolpa çığırtması, alçalı qovurma, balba, qəlya, göy kətəsi və iki şüşə Ağdam çaxırı gətirin.
– Ay Rövşən bir belə yeməyi kim yeyəcək axı?
Təəccüblə soruşdum.
Gözünü menyudan çəkmədən “Quzu kababları bir başqa dadlıdır bunların, inan, bütün yeməklər çox xoşuna gələcək. Hələ üstəlik, evə də sifariş edəcəksən” deyib xəfifcə gülümsədi.
Tam təəccüblüydüm, nə baş verdiyini anlaya bilmirdim.
Az sonra ofisiant iki ağzı bağlı qabı və iki stəkan da suyu qarşımıza qoyub əsgər salamı verərək gedəndə lap çaşıb qaldım.
Nə baş verirdi?
– Götür, soyutma, – deyərək dostum qaba işarə elədi. Könülsüz qabın qapağını qaldırdım, bir ədəd soyutma kartof və bir dilim də qara ilə boz rəngin qarışığı olan çörək var idi qabın içində.
Rövşən də qarşısındakı qabın qapağını açdı, eyni şeylər onun da qabına qoyulmuşdu.
Kartofu duzlayıb kiçik bir dişləm aldı və çörəkdən də kiçik bir qırıntı qoparıb ağzına qoydu, “Belə yeyəndə daha ləzzətli olur” deyə əlavə etdi.
Gözümü döyərək ona baxırdım, “ye” deyə işarə etdi.
Eynən onun kimi, kartofdan kiçik bir dişləm alıb, kiçik bir qırıntı da çörəkdən ağzıma qoydum. Çox ac olduğumdan, ya nədənsə çox ləzzətli gəldi bunlar mənə.
“Arpa unundandır, 1992-93-cü illərdə bir çox qaçqını acından ölməkdən xilas edib bu çörək” deyərək dostum çörəkdən daha bir qırıntı da qoparıb ağzına qoydu.
Yeyib qurtarandan sonra onun ofisiantı səsləyib hesabı istəməsi özünü çox gözlətmədi. Nə gizlədim, mən yemək prosesinin hələ davam edəcəyini düşünürdüm. Deyirdim, yəqin bunlar siftəsidir, gerisi də gələcək.
Ofisiant içində hesab yazılmış vərəq olan qabı qarşımıza qoydu.
Açıb hesaba baxdım. Az əvvəl Rövşənin sifariş etdiyi bütün yeməklərin adı hesabda qeyd olunmuşdu. Altda yazılmış məbləğ “84 manat” idi. Gözümü döyərək Rövşənə tərəf boylandım. “Hesabı ödə, sonra izah edəcəm” deyib qəmlicə gülümsədi.
Pulu çıxarıb hesabı ödədim.
“Arif burdadırmı” deyə Rövşən ofisiant qızdan soruşdu, ” Bəli”, deyə xanım dilləndi. – “Xahiş edirəm çağır, de ki təzə müştəri gəlib, izah istəyir” deyərək mənə baxış atdı.
Düzü, hələ də heç nə başa düşə bilmirdim. “Bu Rövşən nə vaxt qəribəliklərindən əl çəkəcək” deyə ürəyimdə öz-özümə sual etdim.
(Daha onun qurduğu bu səhnəni bayaqkı kimi ağlını itirməsinə yozmurdum).
Az sonra 40-45 yaşlı bir kişi bizə yaxınlaşdı. Rövşənlə səmimi görüşəndən sonra mənə də əl uzadıb – “Adım Arifdır, bu kafenin sahibiyəm” dedi.
Çuxura düşmüş gözlərindən, üzündəki və alnındakı dərin qırışlardan sanki kədər yağırdı Arifin.
Üzünə baxanda içindəki kədəri görmək olurdu.
“Buyur, otur” deyərək Rövşən yanındakı stulda ona yer göstərdi. O da yüngülcə gülümsəyib əyləşdi.
– Hə, Arif qardaş, nə məsələdir bu kartof, bu arpa çörəyi, bu 84 manatlıq hesab, – deyərək sual etdim.
Tükləri seyrəlmiş başını qaşıyaraq Arif gözlərini şəhidlərin şəkli vurulmuş divara dikdi.
“Atam da onların arasındadır” deyərək barmağını şəkillərin bir səmtinə tuşladı. Həmin səmtə diqqət etdim. Elə Arif yaşlarında, ona bənzəyən biri boylanırdı şəkildən.
Kədərini səsinin qəhərində büruzə verərək Arif nəql etməyə başladı:
-Rəhmətlik atamın Ağdam şəhərində “Ağdam” adlı kiçik bir kafesi vardı. Kiçik olsa da müştəriləri bol olardı. Hər zaman təzə məhsullardan hazırladardı yeməkləri rəhmətlik. Bu menyuda gördüyün bütün yeməkləri o kafedə də verərdilər. İndi bir çox ləziz xörəklərimizin adı da unudulub. Hər həftənin beşinci günü axşamı atam məni, anamı və kiçik qardaşımı o kafeyə aparar, bizim üçün xüsusi hazırlanmış köşədə əyləşdirər, sonra menyunu qarşımıza qoyaraq “istədiyinizi seçin” deyərdi. Bu, mənim və qardaşımın ən həzzverici məqamı olardı həmişə. İtəşə-boğuşa, deyə-gülə yeməkləri seçər və şəstlə ofisantı səsləyərdik. İndi düşünürəm ki, həqiqətən də o günlər həyatımın ən xoşbəxt günləri olub. O zaman mənim 12, qardaşımın isə 10 yaşı olardı.
Beləcə, hər həftə atamın həyət qapısından içəri keçib “Hazırlaşın, kafeyə gedirik” deməsini səbirsizliklə gözləyərdik.
İçərinin havası doğrudan da ağır idi, ona sığışan hadisənin faciəsi tam hopmuşdu ona.
-…Gün gəldi, bizim də qapımızı kədər döydü. Qanlı müharibə artıq bir addımlığımızda davam edirdi. Evimizin divarları güləllərdən deşik-deşik olmuşdu. Evdə belə əyilərək hərəkət edirdik. Atam artıq kafeni bağlamışdı, amma kafedən gətirdiyi menyuları yenə hər beşinci gün önümüzə qoyar, “istədiyinizi sifariş edin” deyərdi. Biz isə, anamızın əvvəlcədən bizə tapşırdığı kimi, evdə anam hazırlayan yeməklərin adını çəkərək sifariş edərdik. Bir gün sübh tezdən atam durub hazırlaşdı, “kafedən bəzi şeylər götürüb gələcəm”, deyərək qardaşımı və məni bağrına basaraq hər iki yanağımızdan öpdü və getdi. Heç bir saat keçməmiş elə bir gurultu, elə bir nərilti qopdu ki, deyərdin, yerlə göy birləşdi, dünya dağılıb viranə oldu. Qardaşım və mən çığıraraq anamıza sarıldıq, “Ay ana, bu nədir belə, bu nə gurultu idi” soruşaraq hər ikimiz qorxudan ağlaşdıq. “Allah ermənilərə lənət eləsin, Allah onların bəlasını versin, raket atdılar şəhərə” deyərək anam da bizə qoşularaq ağlamağa başladı.
Arif azacıq susduqdan sonra qəhərli səsini arıtlayıb davam etdi:
-Az sonra qara xəbər qapımızı döydü. Atılan raketlərdən biri atamın kafesinin üzərinə düşmüşdü. Yazıq atamın hər tikəsini bir tərəfdən toplayıb dəfn etdilər.
Növbəti gün də bombardman səngimədi. Artıq şəhər demək olar ki, tam işğal olunmaq üzrə idi. Şəhəri tərk etməkdən başqa yol qalmamışdı. 15-20 dəqiqə toplanmaq üçün vaxtımız var idi. Yazıq anam, demək olar ki, evimizdən heç nə götürə bilmədi. Elə əl altda olan bir-iki bağlamanı götürüb, bizi də qoltuğuna vurub yük maşınına güclə yetirdi. İllərlə atamın və anamın içini yığıb doldurduğu ev artıq düşmənə qalacaqdı. Anam əvvəlcə evi yandırmaq istəsə də sonra fikrindən daşınmışdı, insan illərlə öz əlləriylə qurduğu xanımanını necə yandıra bilər axı. Gedərkən evimizin qapısından asdığı qıfılı anam öpdü, əlini atıb həyətdən bir ovuc torpaq götürdü, şalının ucuna töküb düyünlədi. Hələ anamı bu qədər sınmış, bu qədər yerlə yeksan olmuş görməmişdim.
Qəhər nitqi titrətdi. Hiss olunurdu ki, Arif çətinliklə danışır.
-…Bir neçə saatlıq əzablı yoldan sonra gəlib Ağcabədi şəhərində yerləşən Türk Qızıl Ayı çadır şəhərciyinə çatdıq. Həmin günü ömrü boyu unuda bilməyəcəyim bir mənzərə ilə qarşılaşdım burada. Hər yandan ah-nalə səsləri göyə ucalırdı. Çadır şəhərciyi demək olar ki, qadın, uşaq və qocalardan ibarət idi. Bir də, tək-tək şəhərcikdə qaçqınlara yardım üçün gəlmiş türklər gözə dəyirdi.
Cəhənnəm istisi adamı yandırıb qovururdu. Düzün ortasında qurulmuş bu şəhərcik əslində elə cəhənnəmin özü idi. Hər tərəfdən yurdu işğal olunmuş, evi yağmalanmış insanların lənət dolu fəryadları göyə yüksəlirdi. Qardaşım anama qısılıb ağlamağa başladı. Anam da artıq özünü saxlaya bilməyib hönkürdü. Mən də onlara qoşulub ağlamaq istəyəndə atamın sözləri qulaqlarımda cingildədi. “Bax, Arif, mən olmayanda bu evin kişisi sənsən, ananla qardaşını qorumaq sənin boynuna düşür” demişdi rəhmətlik ölümə gedən gün. Anam və qardaşıma təskinlik vermək istədim, amma necə, nə deyim, təskinlik necə verirlər axı!? Həmin gün acizliyin nə demək olduğunu anladım.
Arif azacıq susub yenidən nitqinə davam etdi:
-…İllər aylar keçmişdi. Yerləşdiyimz çadırda artıq neçə yay yanıb, neçə qış donmuşduq. Hər günümüz əzabla başlayıb, hər günümüz əzabla bitərdi bu çadırda. Anam ixtisasca tibb bacısı olduğu üçün bizim kimi qaçqın düşmüş çadır qonşularımızdan xəstələnən olanda iynəsini vurar, dava-dərmanını məsləhət görərdi. (Xəstələnən olanda deyəndə ki, heç bu şəhərcikdə sağlam canı olan bir nəfər də olsa var idimi!? Biz buraya ilk gələndən üzü bəri tanıdığım neçələri bu çadır cəhənnəmində dünyasını dəyişmişdi. Yeni bir qəbiristan salınmışdı burada ölənlərin məzarları ilə). Qonum-qonşudan anam heç vaxt pul almazdı gördüyü işin qarşılığında. Onsuz da, kimsənin pulu da yox idi. Amma anam razı olmasa da kartofdan, arpa unundan az-az hədiyyə edərdilər bizə. Kartof və arpa unu şəhərcikdə ən bol olan məhsul idi o zamanlar. Başqa da bir şey tapılmazdı yeməyə.
Ofisiant qızın bayaq gətirib qabağımıza qoyduğu kartofla arpa ununun duruşu qayıdıb gözlərim önündə dayandı, o duruşun niskilini yalnız indi duydum. Arifsə danışmağındaydı:
-…Anam hər beşinci gün axşamı özü ilə gətirdiyi menyuları qardaşımla mənim qarşıma qoyar, “Atanız kafe üçün bazarlığa gedib, siz yeməklərinizi seçib sifariş edin, atanız gəlib gətirəcək sifarişlərinizi” deyərdi. Niyə bunu edirdi, anlamırdım. Hər dəfəsində də gözlərindəki yaşı görməyək deyə özünü çadırdan bayıra atardı. Qardaşımla mən ağzımızın suyu axa-axa bir zamanlar iştaha ilə yediyimiz təamların adını oxuyaraq udqunardıq. Az sonra anam tibb bacısı geyimində çadıra daxil olar, “Hə, kim nə sifariş edəcək, deyin görək,” söyləyərək zorla gülümsəyərdi. Mən quzu kababı, döymə, lobyalı plov, qardaşım isə basdırma, göy qutabı və şirniyyatlar sifariş edərdi. Anam, güya sifarişləri qəbul edirmiş kimi, əlindəki kağıza qeydlər edər və yenə də yalandan gülümsəyərək gedərdi. Az sonra əlində məcməyi ilə geri dönər, hərəmizin qarşısına bir ağzı bağlı qab və bir stəkan su qoyar, “Buyurun, bu da sizin sifarişiniz” deyərdi. Qabın qapağını açanda hər dəfəsində eyni şey olardı içində, bir ədəd soyutma kartof, bir dilim də qara arpa çörəyi. Amma hər dəfəsində biz elə iştaha ilə yeyərdik ki, sanki dünyanın ən ləziz təamıdır yediyimiz. Sonralar qardaşım çox kiçik hissələrlə yeməyi təklif etdi. Belə axı daha uzun çəkirdi bizim qonaqlığımız…
Gözlərim yaşardı. Özümü zorla toxtatmağa çalışırdım. Əhvalat isə hələ bitməmişdi.
-…İllər ötdü, nəhayət hər çətin gün sona çatdığı kimi bizim də həsrətimiz, nisgilimiz sona çatdı. İkinci Qarabağ savaşı başladı. Mən də, qardaşım da dərhal könüllü olaraq cəbhəyə yollanmaq üçün adlarımızı Hərbi Komissarlıqda yazdırdıq. Səd heyif ki, bizə çağırış gəlmədi. 44 günlük vuruşlardan sonra Ağdam azad olundu. Bu xəbərə anamla qardaşım sevincdən hönkür-hönkür ağlayırdılar. Həmin günü atama verdiyim vədə ilk dəfə əməl etmədim. Bu illər ərzində bu qədər əzab-əziyyət çəkib bir dəfə də olsa ağlamayan mən anamla qardaşıma qoşulub doyunca ağladım. Bu, illərdən bəri içimə axıtdığım göz yaşlarım idi, indi sevincə dönüb içimdəki illərin həsrətini, nisgilini, qəm-kədərini yuyub bayıra atırdı. İki ay sonra hərbçi dostlarımın köməyi ilə Ağdama getdim. Gedərkən anam qapıya vurduğu qıfılın açarını da mənə verib, “Bala qıfılı qapıdan açarsan, düşmən yurdumuzdan qovulub daha, evimiz azaddır” dedi. İlahi, bu nə dəhşətdir, bu necə insanlıqdır, bu nə barbarlıqdır. Ağdamı görəndə gözlərimə inana bilmədim, bütün sevincim yerə çırpılıb çilikləndi. Uşaq yaddaşımda qalan o cənnət məkan indi əsil viranəyə çevrilmişdi. Bir dənə də olsa dağılmamış bina qalmamışdı. Atamın məzarını ziyarət etmək istədim. Hərbçi dostlarım “Bu mənfurlar bütün məzarlıqları minalayıblar, çox təhlükəlidir” dedilər. İsrar etdim. Bir “sapyor”u da özümüzə qoşub məzarlığa yollandıq. Məzarlığa çatanda dəhşətim birə min oldu. Bütün qəbirlər dağıdılmış, yerlə yeksan olunmuşdu. Sümüklər sümüyə qarışmışdı. Aydın görünürdü ki, bu alçaqlar məzarlığı traktorlarla şumlamışdılar. Nəinki burda bütöv məzar tapmaq, heç sınmamış bir sümük tapmaq belə mümkün deyildi. Göz yaşlarımı saxlaya bilmirdim. Tikəsi ələ gəlməyən atamın sümükləri də yüz yerə bölünmüşdü.
Məzarlıqdan ayrılıb evimiz olan məhəlləyə tərəf yön aldıq. Bax bu divardakı şəkillərin çoxunu o zaman özüm çəkmişəm. Bütün bu xarabalıqları bir-bir, ürək ağrısı ilə çəkmişəm.
Arif divardakı fotolara işarə elədi, üzr istəyərək durub piştaxtaya yaxınlaşdı, qrafindən su töküb içdi, yanımıza qayıdıb nitqini tamamladı:
-…Xarabalıqlar içində bir müddət dolaşandan sonra evimizi tapa bildim. Ev deyəndə ki, üç tərəfi dağılmış, demək olar, bir tək qıfıllı qapısı salamat qalmış bir xarabalıq idi. Qapıya yaxınlaşıb eynən anam kimi qıfılı öpdüm. Bütün bu illər ərzində düşmən üzünə bağlı qalan, açılmayan qapımızı dəfələrlə öpdüm. Amma pas tutmuş qıfılı açmaq üçün uzun müddət tər tökməli oldum. Qıfılı açıb qapını bir təhər araladım və kəndardan içəri girib “Gözəl evimiz, ata yurdum, yenidən xoş gördük, sən daha azadsan” deyərək sevincimdən dəli kimi bağırdım. İnanın ki, o xaraba qalmış evdən ayrılıb geri dönmək istəmirdim heç cür. Hərbçi dostlarım məni zorla maşına əyləşdirib toxtaqlıq verdilər, “Darıxma, dövlətimiz Ağdamı elə bərpa edəcək ki, əvvəlkindən daha gözəl olacaq” deyərək dilə tutdular. Mənsə “Ağdam elə hala qoyulub ki, buranı yenidən abad etməyə ən azı milyardlar və çox-çox illər lazımdır” deyərək inamsızca dilləndim. Geri dönəndə bütün gördüklərimi anama və qardaşıma danışdım. “Ay ana, mən heç inanmıram ki, o xarabalıq yenidən abad olsun, biz də öz yurdumuza dönə bilək” söylədim. Mənim mərd və qürurlu anam nikbin danışdı, dedi, ay oğul, biz elə bir millətik ki, öz külündən yenidən doğula bilirik, çətin anda dövlət və millət olaraq bir yumruq kimi birləşib bir vücud ola bilirik. Dedi, görmədinmi, 44 günlük savaşda necə birləşib düşməni it kimi qovduq yurdumuzdan, indi də millət olaraq dövlətimizin yanında olub əlimizdən gələni etməliyik ki, yurdumuz tez zamanda abad olsun. Anam təklif də verdi, dedi, “Mən şəxsən bu gündən təqaüd pulumu dövlətin işğaldan azad olunmuş ərazilərinin bərpası üçün yaradılmış fonduna bağışlayacam”. “Bəs biz necə dəstək olaq, ay ana” deyərək sual etdim. Anam bir az düşünüb “Mənim çox gözəl fikrim var” dedi və bu kafenin işləmə mexanizmini anlatdı. Bütün iç və çöl dizaynını da anam, qardaşım və mən birlikdə düşünüb hazırlamışıq. Həm Ağdam şəhəri haqqında məlumatlar, həm işğalı əks etdirən fotolar bilməyənlərə də bunu anlatmış olur. Kafenin aylıq gəlirindən məsrəfləri çıxıb qalan bütün pulu dövlətin bərpa fonduna keçiririk.
Nəhayət, sözünü bitirib bir müddət susdu Arif. Gözlərinə baxdım. İki damla yaş gilələnnmişdi gözlərində.
Yanağımdan üzü aşağı yaş süzüldüyünün indi fərqinə vardım. Eşitdiklərimdən içim paramparça olmuşdu. Nə deyəcəyimi bilmirdim.
Handan-hana özümə gəlib “Sizdə evə sifariş varmı, Arif qardaş” deyə soruşdum. “Əlbəttə var” dedi. Əlimlə işarə edib ofisiant qızı çağırdım. Qız yaxınlaşıb əsgər salamı verərək “buyurun” dedi. Söylədim, “Menyunuzdakı bütün yeməkləri sifariş edirəm, həqiqətən də çox ləziz yeməkləriniz var”. Gülümsədim.
Arifin də üzündə xoş bir təbəssüm yaranmışdı.
Rövşənə baxdım, özündən razı baxışları ilə elə bil mənə deyirdi, dedim axı, çox ləziz yeməkləri var“Ağdam”ın, mütləq xoşuna gələcək…
84 manat. 840 manat. 8400 manat. 84000 manat. 840000 manat.
Rəqəmlər gözümdə dolaşırdı. Birləşirdi, üst-üstə qalanırdı, təpə, dağ olurdu. Dağıntıların içindən abad bir şəhər çıxırdı…
ABDULLAH YİĞİT-RUSYA