Türkiyənin ilk yerli elektromobili “Togg” İlham Əliyevə təqdim olunub
04 aprel 2023,
Türkiyənin ilk yerli elektromobili “Togg” İlham Əliyevə təqdim olunub
Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.
Dövlətimizin başçısı əvvəlcə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, “Togg” şirkətinin baş icraçı direktoru və idarə heyətinin üzvləri ilə görüşdü.
Prezident İlham Əliyev: Bir daha salaməleyküm.
Mustafa Varank: Hörmətli cənab Prezidentim, xoş gəldiniz.
Prezident İlham Əliyev: Xoş gördük.
Türkiyə Palatalar və Birjalar Birliyinin rəhbəri Rifat Hisarcıklıoğlu: Salaməleyküm, cənab Prezidentim, necəsiniz?
Prezident İlham Əliyev: Salam, xoş gördük. Sizi gözləyirdik.
Rifat Hisarcıklıoğlu: Allah razı olsun. Cənab Prezidentim, gödəkcəni geyinərsinizmi?
Prezident İlham Əliyev: Təbii ki, geyinərəm.
Rifat Hisarcıklıoğlu: Ölçünü də tam tutdurmuşuq. Cənab Prezidentim, buranı ilk dəfə görürəm. Mənzərə möhtəşəmdir.
Prezident İlham Əliyev: Bura Bakının ən gözəl, ən mənzərəli yeridir. Ona görə mən bu yeri seçdim.
Xatirə şəkilləri çəkdirildi.
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Togg” elektromobilinin T10X modelinin açarını dövlətimizin başçısına təqdim etdi.
Mustafa Varank: Hörmətli cənab Prezidentim, hörmətli Prezidentimizin salamlarını gətirdik.
Prezident İlham Əliyev: Əleykümsalam.
Mustafa Varank: Türkiyədən ikinci avtomobili Sizə təqdim etmiş oluruq. Bütün türk xalqı ikinci avtomobilin Azərbaycana göndərilməsindən çox məmnundur. Xeyirli-uğurlu olsun. İnşallah, gözəl günlərdə istifadə edərsiniz.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. İlk növbədə, Əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürümü bildirirəm ki, ikinci avtomobilin mənə verilməsini tövsiyə edib. Sizə də təşəkkür edirəm, ilk növbədə, bu gözəl avtomobili istehsal etdiyiniz üçün. Bu, Türkiyənin, Türkiyə sənayesinin növbəti böyük bir uğurudur. Bu hədiyyəni mənə təqdim etdiyiniz üçün xüsusi təşəkkürümü bildirmək istəyirəm.
Mustafa Varank: Xeyirli olsun.
Sonra Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olundu.
Dövlətimizin başçısı “Togg” elektromobilini idarə etdi.
Qeyd edək ki, 2022-ci il oktyabrın 29-da təqdimatı keçirilən Türkiyənin milli istehsalı olan “Togg” elektromobilinin ilk sifarişçilərindən biri də dövlətimizin başçısı olub. Ötən il noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti zamanı dövlətimizin başçısı Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında həmin telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verdiyini bildirmişdi.
İlk avtomobil ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana təqdim olunub.
Xatırladaq ki, “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi ötən il oktyabrın 29-da keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. 2020-ci ildə təməli qoyulan zavodun inşası iki ilə tamamlanıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb. Tədbirdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Togg” elektromobilini sınaqdan keçirib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək.
Qeyd edək ki, “Togg” elektromobilləri “Pamukkale”, “Anadolu”, “Gemlik”, “Kula”, “Oltu” və “Kapadokya” olmaqla altı rəngdə istehsal olunur. Avtomobil iki modifikasiyada – 200 və 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 kilometr-saat sürəti 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına xüsusi diqqət yetirilib.
Türkiyənin 60 illik xəyalının reallaşması kimi qiymətləndirilən yerli avtomobil “Togg”un T10X modeli üçün sifariş hüququ qazanan 20 min əsas və 20 min ehtiyat qalibin siyahısı da artıq açıqlanıb. Püşkatma nəticəsində T10X modelini almaq hüququ qazanan şəxslərin siyahısı “Togg”un rəsmi internet saytında elan edilib. Bu modeli əvvəlcədən sifariş verən 177 min 467 nəfər arasında 20 min nəfər yerli avtomobil sahibi olub.
Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR
kaynak:https://president.az/az/articles/view/59292