Qırğızıstandakı diasporumuz Azərbaycandan gələn bir qrup iş adamı ilə görüşüb
, 2023
Qırğızıstandakı diasporumuz Azərbaycandan gələn bir qrup iş adamı ilə görüşüb
Bişkek şəhərində fəaliyyət göstərən “Azəri” İctimai Birliyinin ofisində İqtisadi və Dövlət Əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası çərçivəsində “Qırğızıstan-Azərbaycan” biznes forumunda iştirak edən Azərbaycan Respublikasının bir qrup iş adamı ilə görüş keçirilib.
Görüşdə Qırğızıstan Prezidenti yanında Milli İnvestisiya Agentliyinin, Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşları və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev çoxmillətli qardaş ölkədə qırğızlarla birlikdə 80-dən çox etnik qrupun mehribanlıq şəraitində yaşadığını, 31 etnosun, o cümlədən azərbaycanlıların Qırğızıstan Xalqları Assambleyasında təmsil olunduğunu bildirib. Azərbaycan və qırğız xalqlarını tarixi, dil, dini və mədəni köklərin sıx bağladığını, bu ölkədə 20 mindən çox azərbaycanlının yaşadığını vurğulayan birlik sədri onların əksəriyyətinin ötən əsrin 20-ci illərinin sonlarından 50-ci illərinə qədər repressiyaya uğrayan, çətin günlərində qırğız xalqına sığınan soydaşlarımızın nəslindən olduğunu xatırladıb.
Azərbaycanlıların qardaş ölkədə ləyaqətlə təhsil aldıqları, Qırğızıstanın rifahı üçün çalışdıqları, elm, tibb, tikinti, nəqliyyat, kənd təsərrüfatı və hüquqşünaslıq sahələrində fəxri adlara və dövlət mükafatlarına layiq görüldükləri, amma tarixi vətənlərini unutmadıqları, ölkələrimiz və xalqlarımız arasında hərtərəfli əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək üçün bütün imkanlardan istifadə etdikləri bildirilib.
Sonra “Azəri” İctimai Birliyinin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verilib. Qırğızıstan azərbaycanlılarının tarixi vətənlərinin taleyüklü anlarında hər zaman xalqımızın yanında olduqları, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Qarabağda tarixə qızıl hərflərlə yazılmış parlaq Zəfər qazanmasının sevincini indiyədək unutmadıqları, Cənubi Qafqaz bölgəsində ədalətli sülhün bərqərar olunması uğrunda misilsiz fəaliyyət göstərən Azərbaycan dövləti ilə qürur duyduqları vurğulanıb.
Bu il Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyinə diqqət cəlb edilib. “İkitərəfli münasibətlərin inkişafında və genişlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz rolu olub. Prezidentlər İlham Əliyevin və Sadır Japarovun səyləri nəticəsində xalqlarımız arasında dostluq və qardaşlıq münasibətləri daha da möhkəmlənib. Hazırda ölkələrimizin Türk Dövlətləri Təşkilatında təmsil olunması buna bariz nümunədir”, – deyə birlik sədri deyib.
Qonaqların adından çıxış edən azərbaycanlı iş adamı Zəfər Məmmədov “Azəri” İctimai Birliyinin və Azərbaycan diasporunun Qırğızıstandakı fəaliyyətini yüksək qiymətləndirib, biznes-forumun məqsədlərindən danışıb.
Tədbir qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması ilə yekunlaşıb.
“Azəri” İctimai Birliyi azərbaycanlı qonaqların şərəfinə rəsmi ziyafət təşkil edib. Ziyafətdə Qırğızıstanın dövlət orqanlarının vəzifəli şəxsləri də iştirak ediblər.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/qirgizistandaki-diasporumuz-azerbaycandan-gelen-bir-qrup-is-adami-ile-gorusub-3278