Kocaeli Universitetində Xocalı soyqırımının qurbanları anılıb
2024
Kocaeli Universitetində Xocalı soyqırımının qurbanları anılıb
Türkiyənin Kocaeli Universitetinin və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı 32-ci ilində: unutmadıq, unutmayacağıq!” adlı anım proqramı təşkil olunub.
Professor Baki Komsuoğlu Mədəniyyət və Konqres Mərkəzində keçirilən anım proqramından əvvəl tədbir iştirakçıları Xocalı dəhşətlərinin əks oldunduğu fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə rektor, professor Nuh Zafer Cantürk, Azərbaycanın İstanbul şəhərindəki Baş konsulluğunun konsulu Zaur Allahverdi-zadə, prorektor, professor Mehmet Yıldırım, dosent Mustafa Eren, TADEF-in sədr müavini Settar Kaya, sədrin müşaviri Pərviz Məmmədzadə, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Anım mərasimi Xocalıda qətlə yetirilənlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunub.
Rektor Nuh Zəfər Cantürk çıxış edərək qeyd edib ki, 32 il əvvəl Ermənistan silahlı qüvvələri Xocalı şəhərini işğal etməklə kifayətlənməyib, həm də insanlığa sığmayan qırğın törədib. O, Xocalı soyqırımına dair statistikanı xatırladaraq qeyd edib ki, bəşər tarixində qara iz qoymuş qətliamın ağrıları səngiməsə də, işğal altında olan torpaqların azad edilməsi təkcə azərbaycanlılara deyil, qardaş türk xalqına da sevinc bəxş edib. Xocalı soyqırımı qurbanlarının xatirəsini bir daha ehtiramla yad edən rektor, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və xalqımıza başsağlığı diləyib.
Konsul Zaur Allahverdi-zadə Xocalı soyqırımın dünyanın gözü qarşısında törədildiyini qeyd edərək, Xocalıda baş verənlərin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu deyib.
TADEF-in sədr müavini Settar Kaya çıxışında ermənilərin törətdiyi soyqırım və qırğınların iki əsrdir davam etdiyini, Xocalıda törədilənlərin usə xüsusi yer tutduğunu, müdafiəsiz dinc sakinlərin vəhşicəsinə qətlə yetirildiyini vurğulayıb. Xocalı və erməni işğalından azad olunan digər şəhər və kəndlərimiz uğrunda minlərlə şəhid verdiyimizi xatırladaraq, ermənilərin soyqırım cinayətlərini qlobal miqyasda tanıdılması işinin davam etdiriləcəyini deyib.
Açılış nitqlərindən sonra anım proqramı çərçivəsində panel keçirilib. Paneldə Kocaeli Universitetinin professoru İbrahim Şirin və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Akademiyasının rektoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru, hüquq elmləri doktoru Əmir Əliyev məruzəçi qismində iştirak edib.
Paneldə məruzəçilər Xocalı soyqırımının beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət almasının və onun təşkilatçılarının cəzalandırılmasının insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmaması üçün mühüm şərt olduğunu deyiblər. Mövcud beynəlxalq hüquq çərçivəsində Xocal soyqırımına görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə çıxarılması və azərbaycanlılara qarşı törədilmiş digər soyqırımların tarixi və hüquqi nəticələri məruzəçilər tərəfindən geniş izah edilib.
Sonda məruzəçilərə və digər iştirakçılara təşəkkürnamələr təqdim edilib.
Tədbir çərçivəsində ölkəmizin İstanbul şəhərindəki Baş konsulluğunun və TADEF-in nümayəndə heyəti Kocaeli Universitetinin rektoru, professor Nuh Zafer Cantürklə görüşüb.
Görüşdə təhsil və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/kocaeli-universitetinde-xocali-soyqiriminin-qurbanlari-anilib-4344