Kanada parlamentinin önündə Azərbaycan bayrağı qaldırılıb
, 2023
Kanada parlamentinin önündə Azərbaycan bayrağı qaldırılıb
Kanadanın paytaxtı Ottavada ölkə parlamentinin binası önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Toronto Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan mərasimdə Kanada parlamentinin üzvləri, Azərbaycanın və Türkiyənin Kanadadakı səfirliklərinin əməkdaşları, Ottava, Toronto və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının fəalları və diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər. Qonaqlar arasında Türkiyənin Kanadaya yeni təyin olunmuş səfiri Esra Demir də olub.
Tədbirdə Kanada parlamentinin millət vəkili Çandra Arya, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova, Kvebek Azərbaycanlıları Assosiasyasının sədri Məsud Əliyev və digərləri çıxış ediblər. Kanada azərbaycanlılarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edən natiqlər bu möhtəşəm hadisənin tarixi, önəmi, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan dövlətinin dinamik inkişafı barədə fikirlərini söyləyib, Azərbaycan icmasının Kanadanın ictimai-siyasi, iqtisadi-sosial, humanitar sahələrinə və mədəni müxtəlifliyinə verdiyi töhfələri nəzərə çatdırıblar.
Rəsmi hissənin sonunda Azərbaycanın Dövlət himninin sədaları altında üçrəngli bayrağımız Lalin Həsənova tərəfindən Kanada parlamenti önündə səmaya ucaldılıb.
Tədbirdə Azərbaycan rəqsləri nümayiş etdirilib və Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdlərinin ifasında vətənimizə həsr olunmuş şeirlər səsləndirilib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/kanada-parlamentinin-onunde-azerbaycan-bayragi-qaldirilib-3013