İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər
2023,
İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Macarıstanın Baş naziri bəyanatla çıxış edib.
Baş nazir Viktor Orbanın bəyanatı
– Xanımlar və cənablar, hər vaxtınız xeyir.
Möhtərəm cənab Prezident Əliyev.
Azərbaycandan olan əziz dostlarımız.
Azərbaycan ilə Macarıstanın rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyətə malikdir. Cənab Prezident və mən 10 ildən artıqdır ki, bir yerdə çalışırıq, ölkələrimizi bir–birinə daha da yaxınlaşdırırıq, əməkdaşlığı dərinləşdiririk və hər iki ölkənin mövqeyinə uyğun səviyyəyə gətirməyə çalışırıq. Ancaq bu, sadəcə, bu gün dostların görüşü deyil, bu gün strateji məsələlərə dair müzakirələr aparıldı, bu günə qədər olan strateji əməkdaşlığımız növbəti səviyyəyə qaldırıldı və bu əməkdaşlıq genişləndirildi. Bunun səbəbi isə ondan ibarətdir ki, hər iki ölkə yaxşı dərk edir və aydın görür ki, təkcə Avropa deyil, dünyanın digər bölgələri də təhlükələrlə üz-üzədir.
Bu gün beynəlxalq münasibətlərdə olan mühit əvvəlkindən olduqca təhlükəlidir. Bizim qonşuluğumuzda baş verən müharibə və Brüssel tərəfindən tətbiq edilmiş sanksiyalar Macarıstan üçün olduqca təhlükəli bir vəziyyət yaradıb, bizim enerji təhlükəsizliyimiz, Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Burada yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir. Bunu bu gün Avropada hər kəs anlayır ki, bizim bu vəziyyətə olan cavabımız şaxələndirmədir. Müxtəlif mənbələrdən maksimal dərəcədə nəql edilə biləcək həcmdən söhbət gedir.
Bu gün biz cənab Prezidentlə on il bundan öncəki təcrübəmiz haqqında danışdıq. O zaman hər iki ölkə artıq onun üzərində çalışırdı ki, Azərbaycandan enerji Avropaya nəql edilsin. O zaman həmin plan həyata keçirilmədi, yadınızdadırsa, bu, NABUKKO layihəsidir. Ola bilər bir vaxt gələcək tarixçilər buna diqqət yetirəcəklər ki, nə üçün NABUKKO layihəsi təxirə salındı. Əlbəttə, bu Rusiyanın Ukraynanı işğalından daha öncəki dövrə təsadüf edir. O zaman təbii ki, enerji resursları Avropaya nəql edilmədi, bu gün isə biz yenidən ssenari ilə üz-üzəyik ki, Azərbaycandan Avropaya enerji həcmləri nəql edilsin. Bu səbəbdən biz Azərbaycanın bu məsələyə sadiqliyini çox yüksək qiymətləndiririk ki, Azərbaycan Avropa İttifaqı ilə müvafiq sənəd imzalayıbdır. Həmin sənədə uyğun olaraq, 2027-ci ilə qədər Azərbaycan Avropaya nəql ediləcək qazın həcmini iki dəfə artıracaqdır.
Bununla yanaşı, biz digər bir saziş də imzalamışıq. Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik. Xəritəyə baxsanız görərsiniz ki, həm təbii qaz, həm də elektrik enerjisi baxımından Azərbaycandan gələn bu enerji həcmləri Macarıstandan keçəcək. Ona görə də Macarıstan da bu məsələdə uduşlu vəziyyətdə olmaq arzusundadır. Həmçinin nəqliyyat marşrutu üzərində yerləşdiyimiz üçün Macarıstanın da rolu artacaqdır.
Mən çox şadam ki, Macarıstan həll yolunun – problemin deyil, həll yolunun tərkib hissəsi olacaqdır. Aydın məsələdir ki, infrastruktur layihələrinin inkişafına böyük ehtiyac olacaq. Burada nəhəng vəsaitlərdən söhbət gedir, böyük layihələr həyata keçirilməlidir. Biz artıq Bolqarıstanın, Rumıniyanın, Slovakiyanın enerji şirkətləri ilə danışıqlara və əməkdaşlığa başlamışıq ki, buraya lazımi vəsait cəlb edilsin. Rumınlar, bolqarlar və macarlar artıq əməkdaşlığa başlayıblar. Bu, təkcə regional deyil, bu, pan-Avropa məsələsidir. Ona görə bizim gözləntimiz odur ki, Avropa Komissiyası bu layihələri dəstəkləyəcək. Xatırlatmaq istərdim ki, mən cənab Əliyevlə Buxarestdə bu yaxınlarda da növbəti saziş imzaladıq və bununla da elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya gətirəcəkdir. Budur, bizim bugünkü şəraitimiz və bu, iki ölkənin rəhbərlərinin indiki görüşünü labüd edən bir şəraitdir.
Mən çox şadam ki, cənab Prezident Əliyev vaxt tapıb bizə səfər edib. Bu gün, əlbəttə ki, enerji və qazla zəngin olan ölkənin dostları çox olur, amma əmin etmək istərdim ki, biz Azərbaycanla bundan çox uzun müddət əvvəl dost olmuşuq və bu əməkdaşlığa görə cənab Prezidentə təşəkkür edirəm. Diqqətinizə görə çox sağ olun.
x x x
Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı
– Hörmətli cənab Baş nazir.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, Baş nazir, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.
Cənab Baş nazir qeyd etdiyi kimi, biz uzun illərdir ki, bir-birimizlə sıx təmasdayıq. Bizi dostluq əlaqələri bağlayır. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır.
Bu gün imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar.
Əlbəttə ki, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı. Cənab Baş nazir xatırlatdı ki, vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.
Keçən il Avropa Komissiyası ilə imzaladığımız sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var.
Çox şadam ki, vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Biz bu barədə də müzakirələr apardıq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.
Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra – təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş.
Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Hörmətli dostum qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar.
Bu, çox böyük sərmayə tələb edən layihədir. Burada həm yaşıl enerjinin istehsalı, ötürülməsi, bazarlara çatdırılması, eyni zamanda, Qara dənizin dibi ilə kabelin çəkilməsi – bütün bu layihələr böyük maliyyə mənbəyi tələb edir, eyni zamanda, çox ciddi koordinasiyanı tələb edir. Ona görə biz Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir.
Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır. Biz, eyni zamanda, nəqliyyat sahəsində çox böyük planlarımızı həyata keçiririk. Deyə bilərəm ki, biz dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu – istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var.
Bununla paralel olaraq, təhsil sahəsində çox yaxşı nəticələr var. Mən cənab Baş nazirə fürsətdən istifadə edərək təşəkkürümü bildirmək istəyirəm ki, 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə alınmış təqaüd – tələbə təqaüdləri ilə Macarıstanda oxuyurlar. Bu, əlbəttə ki, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir, eyni zamanda, dostluğumuzu da böyük dərəcədə gücləndirəcəkdir.
Əməkdaşlıq üçün vacib olan digər sahə minatəmizləmə sahəsidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.
Bununla paralel olaraq, bu gün, eyni zamanda, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.
Yəni, bizim əməkdaşlığımızın çoxşaxəli mahiyyəti göz önündədir. Təbii ki, enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır. Ancaq bizim əməkdaşlığımızın başqa sahələri var. Əsas odur ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.
Hörmətli cənab Baş nazir, göstərdiyiniz qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm. Sağ olun.
Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR
kaynak:https://president.az/az/articles/view/58756